Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat üçün təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Bunun üçün valideyn (qanuni nümayəndə) bu gündən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.
Təhsil Nazirliyindən verilən məlumata görə, övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan uşaqların tədrisi digər dillərdə aparılan bölmələrə qəbulu üçün ilk növbədə şifahi nitq bacarıqlarının yoxlanıldığı müsahibədə iştirak edib uğur qazanmaq lazımdır. Daha sonra həmin lisey və ya gimnaziyaya qəbulu üçün sistemdə müsabiqəyə yazılmalıdır. Müsabiqə lisey və ya gimnaziyalar tərəfindən həyata keçiriləcək.
Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynlərinin (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçib-seçə bilməyəcəyi də açıqlanıb. Qeyd edilib ki, lisey tərəfindən uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.