Litva gömrükçüləri müsadirə imkanını nəzərdə tutan yeni inzibati maddə çərçivəsində ilk dəfə olaraq Rusiya dövlət nömrə nişanlı avtomobilə həbs qoyublar.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin gömrük idarəsi məlumat yayıb.
Məlumata görə, avtomobil martın 11-də Medininkay keçid məntəqəsində saxlanılıb. Rusiya dövlət nömrə nişanlı Audi Q7 markalı avtomobili idarə edən Moldova vətəndaşı olan sürücü Litvanı keçərək Belarusa getməyi planlaşdırıb. Ölkə ərazisindən belə tranzit yalnız sahibi avtomobildə olarsa mümkündür.
“Sürücü tərəfindən təqdim edilən sənədlər yoxlanılan zaman məlum oldu ki, avtomobilin sahibi tamamilə başqa şəxsdir – Rusiya vətəndaşıdır”, – gömrük xidməti qeyd edir.
Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib, dəyəri 41 min 690 avro olan avtomobilə isə həbs qoyulub.
Azpost.info