Liviya marşalı Xəlifə Haftar atəşkəsə niyə imza atmadığını açıqladı

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasının səbəblərini açıqlayıb.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, X. Haftar bildirib ki, ona təklif edilən sənədin layihəsində LMO-nun əksər tələbləri nəzərə alınmayıb.

“Atəşkəs razılaşmasının layihəsində Liviya Milli Ordusunun əksər tələbləri nəzərə alınmayıb”, – deyə X. Haftar vurğulayıb.

Sky News Arabia” telekanalının yaydığı məlumatda bildirilib ki, X. Haftar Moskvada keçirilən görüşlərdə onun qüvvələrinin Tripolidə yerləşdirilməsinə və Tobrukda oturan parlamentin etibarını qazanacaq milli birlik hökumətinin yaradılmasına təkid edib.

Türkiyənin iştirakı olmadan atəşkəs rejiminə riayət edilməsi ilə bağlı beynəlxalq monitorinqin aparılmasına çağırış edən X. Haftar Suriyadan gətirilən muzdluların qeyd-şərtsiz ölkədən çıxarılmasını da tələb edib.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.

Ötən gün isə Moskvada Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin vasitəçiliyi ilə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında görüş keçirilib.

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Hafta Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibbi sığorta üzrə “Xidmət Zərfi açıldı” –

Sonrakı məqalə

Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq –