Lukaşenko DİN-ə mitinqlərin qarşısını almaq barədə göstəriş verib

19 Avqust 2020 - 16:53

Belarus Prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə (DİN) ölkədə, xüsusilə də Minskdə mitinqlərin qarşısını almaq barədə göstəriş verib.

APA-nın BelTA-ya istinadən verdiyi xəbərə görə, bu barədə A. Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib. 

“Minskdə bir daha mitinqlər olmamalıdır. İnsanlar yorulur, onlar sülh və sakitlik tələb edirlər. Bir tərəfdən, belarusluların nəyi itirə biləcəklərinə nəzər salması yaxşıdır. Sakit ölkədə yaşamağa alışmış bir çox insan var. Bu sakit ölkəni onlara qaytarmalıyıq”, – deyə A. Lukaşenko deyib.

A. Lukaşenko işçiləri təhqir və küçə təhdidlərindən qorumağı da tapşırıb: “İşləyən insanları, yalnız fabrik işçilərini deyil, digər işçi qrupları, təşkilatları, media işçilərini qoruyun. Mediada çalışan bəzi şəxslər etiraz etmək üçün çıxıb yenidən işə qayıtmaq istəsələr, onların belə bir şansı olmamalıdır. Əgər gedirsən, get. Ancaq işçiləri qorumalıyıq. Bu, bu gün bizim vəzifəmizdir”.