Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Aleksandr Lukaşenkonun iqamətgahının qarşında çəkilən əli avtomatlı fotosunu yayıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Belə ki, agentliyin əməkdaşı mətbuat katibinə Lukaşenkonun hazırda harada olması və Minskdə baş verən aksiyalara münasibətini öyrənmək istədikdə Natalya Eysmont ona cavab olaraq bu fotonu göndərib.
Xəbər verdiyimiz kimi, bu gün müxalifət Minskdə icazəsiz etiraz aksiyası keçirir. Əvvəlcə aksiya iştirakçıları Minskdə İstiqlaliyyət prospektinə yığışıblar. Sonra isə onlar Lukaşenkonun rezidensiyasına tərəf gediblər.
Qeyd edək ki, Belarusda prezident seçkilərindən sonra, 9 avqustdan kütləvi aksiyalar başlayıb. Mərkəzi Seçki Komissiyasının qərarına görə, Lukaşenko seçkini 80,1 faiz səs çoxluğu ilə qazanıb. Müxalifət isə qeyd edir ki, seçkiləri digər namizəd Svetlana Tixanovskaya qazanıb.
Rəsmi məlumatlara görə, aksiyalar başlayandan bu günə kimi, 6,7 min insan saxlanılıb, yüzlərlə insan xəsarət alıb, onlardan 120 nəfəri hüquq mühafizə orqanlarının əməkdaşı olub, 3 nəfər aksiyaçı dünyasını dəyişib.