“Lukaşenkoya qarşı sui-qəsd xəbəri təxribatdır” –

Svetlana Tixanovskaya
18 Aprel 2021 - 15:54

“Ölkədəki siyasi böhranı danışıqlar və ədalətli seçkilər yolu ilə həll edilməsinin tərəfdarıyam”

“Belarusda hərbi çevrilişə cəhd və Prezident Aleksandr Lukaşenkoya qarşı sui-qəsd barədə məlumat xüsusi xidmət orqanlarının təxribatıdır”. “İnterfaks”ın məlumatına görə bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya söyləyib.

Tixanovskaya deyib ki, Belarusun milli maraqlarına, suverenliyinə və müstəqilliyinə xələl gətirə biləcək tələsik nəticələrdən və qərarlardan çəkinmək lazımdır.

“Ölkədəki siyasi böhranı danışıqlar və ədalətli seçkilər yolu ilə həll edilməsinin tərəfdarıyam”, – müxalifətçi qeyd edib.

Qeyd edək ki, bu gün Lukaşenko jurnalistlərə verdiyi açıqlamada ona və övladlarına sui-qəsd edildiyini bildirib. Prezidentin sözlərinə görə, onun ölkə başçısı vəzifəsindən kənarlaşdırılması məsələsi ABŞ-ın yüksək rəhbərliyi tərəfindən təsdiqlənib.

Bununla yanaşı, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Lukaşenkoya sui-qəsd cəhdi və Belarusda hərbi çevriliş cəhdi barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, “rəngli inqilablar” ssenarisi ilə dövlət çevrilişi planlaşdıran ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zyankoviç və Belarus vətəndaşı Aleksandr Feduta Rusiyada tutulub.