Mədən qəzasında həlak olanların ailələri şəhid imtiyazlarından bəhrələnəcək

Türkiyənin Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədəndə həyatını itirənlər son mənzilə yola salınıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaşanan faciə ilə bağlı xalqa müraciətində bildirib ki, partlayışdan dərhal sonra bütün aidiyyəti qurumlar səfərbər oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla dövlət və hökumət nümayəndələri, eləcə də yerli hakimiyyət orqanlarının rəhbərləri hadisə baş verən rayonda olublar.

Dövlət başçısı xəstəxanada müalicə olunan mədənçilərə baş çəkib, dəfn mərasimlərində iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, qəbul edilən qərarlara əsasən mədən qəzasında həyatını itirənlərin ailələri şəhidlik statusuna aid imtiyazlardan bəhrələnəcəklər. Bundan başqa, ilkin mərhələdə hər bir şəhidin ailəsinə birdəfəlik maddi yardım göstəriləcək. Qəzaya səbəb olanların məsuliyyətə cəlb edilməsi üçün ədalətli şəkildə araşdırma aparılacaq.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində yerli vaxtla 18:45-də partlayış baş verib. Hadisə zamanı mədəndə olan 110 nəfərdən 41 mədənçi həyatını itirib, digərləri xilas edilib. İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır. Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun əsgəri intihar edib

Sonrakı məqalə

İqlim dəyişikliyi milyonlarla insanı aclığa sürükləyir