Məhkəməsi keçirilən erməni yaraqlıların azərbaycanlı əsirlərə hansı işgəncələr verdiyi açıqlanıb –

İTTİHAM AKTI-YENİLƏNİB
09 İyun 2021 - 18:20

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlılar Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmədə ittiham aktı elan olunub.

Məlumata görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan ittiham aktında göstərilib ki, Lüdviq Mkrtiçyan Birinci Qarabağ Müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb.

O, bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Qubadlı rayon ərazisində yaralı vəziyyətdə olan Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nahiyəsinə ağır zərbələr yetirərək işgəncə verib.

Bundan başqa, Lüdviq Mkrtiçyan 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ istiqamətində yaralı halda əsir götürülən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orda ona işgəncə verib, qondarma rejimin sabiq müdafiə nazirinin evinin tikintisində ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə zərbələr vurub.

Bundan başqa, təqsirləndirilən şəxs bir qrup erməni ilə cinayət əlaqəsinə girərək 1993-cü ildə Ağdamda əsgər Əliyev Famil Heydərəli oğlu əsir götürüləndən sonra onu Şuşa həbsxanasına aparıb, orda ona ağır işgəncələr verib. Lüdviq Mkrtçiyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçalarla ilə yaralı əsgərə xəsarətlər yetirərək ac-susuz saxlayıb.

Bundan başqa, təqsirləndirilən şəxs 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseyn Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq, şaxtalı havada qarın altında işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nahiyəsinə ağır zərbələr vurub, işgəncə verib. Nəticədə Cavid Hüseyn iki gözünün görmə qabiliyyətini itirib.

L. Mkrtiçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğluna Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib.

O, digər təqsirləndirilən Alyoşa Xosrovyanla birlikdə Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərə döyüb xəsarətlər yetirib.

Lüdvik Mkrtiçyan erməni qruplaşması ilə birləşərək 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Zahid Həsənovu qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su tökərək döyüb, ac saxlayıb.

Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanaraq əsir düşən əsgər Qafarov Rauf Şəmsəddin oğlunu 1 il ərzində müxtəlif vaxtlarda yumruq və təpiklə vurub, siqaret kötüklərini bədənində söndürüb, ağır işgəncə verib.

O, 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşən İslamova işgəncələr verib, onu Ermənistan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.

Azərbaycanlılara işgəncə verən L. Mktiçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna qarşı da amansız davranıb. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu döyüb, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.

Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayında olan döyüşlər zamanı da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib.

2020-ci il başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub.

2020-ci ildə 15 oktyabrda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib.

Həmin gün o Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.

İttiham aktına görə, digər təqsirləndirilən Xosrovyan Alyoşa qabaqcadan əlbir olduğu bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahlar əldə edib.

O, Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağ bölgəsində erməni silahlı birləşməsinin bir qrup üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində baş nahiyəsindən yaralanan Kazımov Həbib Muxtar oğlunu 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.

O, L. Mkrtiçyan və digərləri ilə birlikdə 1993-cü ildə əsir düşən Əliyev Famil Heydərəli oğlu Şuşa həbsxanasında saxlanarkən ona ağır xəsarətlər yetirib, ac susuz saxlayıb.

Xosrovyan Mkrtiçyan və digərləri ilə Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Hüseyn Cavid Alı oğlu ilə Şuşa həbsxanasında bir il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.

1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğlu ilə qəddar davranan A. Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.

Bundan başqa o, 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq əsir düşən əsgər Həsənov Zahid Əsgər oğluna hər gün işgəncələr verib, baş nahiyəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.

Ağdam rayonunun Güllücə kəndində çiyin nahiyəsində yaralanaraq əsir düşən Rzayev Zaur Vahid oğlu da Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlər görüb.

Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaralara basaraq işgəncələr verib.

Xosrovyan ötən il oktyabrın 3-də Cəbrayıl şəhəri yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılaraq əsir götürülüb.