Məşhur sovet dissidenti Sergey Kovalyov vəfat edib –

FOTO
09 Avqust 2021 - 12:05

Sovet dövrünün tanınmış siyasi məhbusu və dissidenti Sergey Kovalyov Moskvada 91 yaşında vəfat edib.

Oğlu İvan Facebook-da atasının avqustun 9-da səhər yuxuda keçindiyini yazıb.

Sovet insan haqları fəalı Andrey Saxarovun davamçısı sayılan Kovalyov 1974-cü ildə insan haqları fəaliyyətinə görə həbs olunub, yeddi il həbsdə yatıb. O, daha sonra üç il ölkədaxili sürgündə olub.

Sovet lideri Mixail Qorbaçovun islahatları dövründə, 1987-ci ildə onun Moskvaya qayıtmasına icazə verilib.

Kovalyov 1990-cı illərdə Moskvada Memorial insan haqları mərkəzini təsis edib, Amnesty International təşkilatının Moskva filialının, Beynəlxalq Humanitar Konfransın, Qlasnost mətbuat klubunun fəaliyyətində iştirak edib.

O, 1990-cı ildə Rusiya Ali Sovetinə seçilib. İnsan Haqları Komitəsinə sədrlik edən Kovalyov 1991-ci ildə İnsan və Vətəndaş Hüquqları Bəyannaməsini hazırlayıb. O, 1991-ci ildə sovet siyasi repressiyası qurbanlarının reabilitasiyası üzrə qanunun parlamentdə keçməsinə nail olub.

Kovalyov 1993-2003-cü illərdə Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının aparıcı liberal üzvü idi. 1994-95-ci illərdə isə ölkənin ilk insan haqları ombudsmanı olub.

O, Prezident Vladimir Putin və hökumətini ölkədə insan haqlarının vəziyyətinin pisləşməsinə görə açıq tənqid edirdi.