“Məşq zamanı pis davranışla üzləşənlər mütləq polisə məlumat verməlidir”- Deputat

“Sumqayıt İdman Məktəbində idman müəlliminin 7 yaşlı uşağa qarşı törətdiyi vəhşiliyi hər biriniz izlədiniz. Görüntülərdən aydın olur ki, idman müəllimi Mehman Xəlilov təkcə Fəridə qarşı yox, digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranır. Uşaqların saçından, başından, qulağından tutaraq havaya qaldırır. Bu məsələyə xüsusi yanaşma vacibdir”.

Bunu bu gün Milli Məclisin iclasında deputat Kamal Cəfərov bildirib.

Deputat qeyd edib ki, Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi və federasiyalar təcili müzakirələrə başlamalı, regionlarda fəaliyyət göstərən idman müəllimləri ilə profilaktiki söhbətlər aparılmalı, onlar üçün xüsusi davranış qaydaları hazırlamalıdır: “Bütün idman zallarında kameraların quraşdırılması məcburi olmalıdır. Məşq zamanı pis davranışla üzləşənlər mütləq 102-yə zəng edərək polisə məlumat verməlidir”.

Qeyd edək ki, idman müəlliminin 7 yaşlı uşağa qarşı amansız hərəkətlərinin əks olunduğu video sosial şəbəkələrdə yayılıb.

Sumqayıt şəhər prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

Qeyri-sabit hava bu tarixədək davam edəcək