“Məyus şəkildə dedi ki, “belə yaşamaq istəmirəm” –Şəfiqə Məmmədova Rasim Ocaqovdan yazdı

“Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca “kino adası” – “Ocaqovun kinosu” var idi, indi də var və həmişə yaşayacaq. Sanki özü üçün yaratmışdı o aləmi – öz ssenaristləri, öz sevimli aktyorları, öz bəstəkarları, yaradıcı heyəti və bu aləm sözün əsl mənasında, onun əsl həyatı idi. O, başqa həyatı istəmirdi.

Bu sətirlər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədovanın kino sənətimizin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 87-ci ildönümü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi qeydlərdə yer alır.

Xalq artisti yazır: “Özümü xoşbəxt insan sayıram ki, Rasimin sənət aləmində, onun kinosunda mən də var idim. Onun ən şöhrətli, ən uğurlu filmlərində çəkilmişəm. Bir yerdə yaşadıq o uğurları – “İstintaq” filminə görə SSRİ Dövlət Mükafatına, “Ad günü” filminə görə isə Azərbaycan Dövlət Mükafatına layiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə ən bəxtəvər və gözəl xatirə kimi yaşayacaq.

Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün filmin uğurunu şərtləndirən əsas amil aktyor ansamblının bütövlüyü idi… Heç bir məsələdə kompromislərə getməzdi… Dostluqda çox möhkəm, vəfalı və sədaqətli idi.

Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü yox idi. Azərbaycan milli kinosu onun varlığı, həyatı idi.

Kamera, çəkiliş meydançası və öz dünyası – bunlar idi onun dövləti, varı. O da bu sərvəti, çəkdiyi filmləri öz xalqına miras qoyub getdi. Xalq da onun adını həmişə yaşadır. Elə çəkdiyi filmlər də Rasim Ocaqovu əbədi yaşadacaq!

Hansısa tədbirdə çıxışım zamanı etiraf etdim: “Mən səhnədə və çəkiliş meydançasında çox xoşbəxt və azad idim”. Kamera qarşısında isə çətin məqamlarda azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Bunlar üçün mən Rasimə minnətdaram! Onun mənə olan böyük hörmətinə, diqqətinə, sevimli aktrisası olmağıma və çox uzun illər davam edən dostluğumuza görə minnətdaram.

Ömrünün son aylarında həmişə bir yerdə idik. Demək olar ki, hər gün Kinematoqrafçılar İttifaqının binasında görüşürdük. Hansısa səbəblərdən çəkilişləri dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı. Nəhayət, bir gün çox ehtiyatla soruşdum: Rasim, nədir səni incidən, səni belə narahat edən? Üzümə baxdı və susdu. Sonra çox inandırıcı və məyus şəkildə cavab verdi: “Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm”. Elə də oldu… Rasim yaşamadı…

Azərbaycan milli kinomuza elə bir böyük itki üz vermişdi ki, biz hələ də bu itkinin ağrısını çəkməkdəyik.

Ömrünü Azərbaycan kinosuna həsr elədi Rasim Ocaqov və kinomuzun təkrarsız epoxasını da özü ilə apardı. Artıq bu gün Rasim Ocaqov milli kinomuzun bir simvoludur!”.

P.S. Xatirələrim o qədər çoxdur ki, qismət olsa Rasim Ocaqov barədə xatirə kitabı yazacağam…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilər Füzuli şəhərində məscidi də dağıdıblar

Sonrakı məqalə

Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib-