Mağaza və restoranda ƏDV müştərilərə belə qaytarılacaq –

QAYDALAR (VİDEO)
03 May 2020 - 15:52

Azərbaycanda ticarət, xidmət və ictimai iaşə (restoran kafe) məntəqələrində ödəniş edərkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası açıqlanıb.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib.

Başqa sözlə, yanacaq istisna olmaqla, digər məhsulları və ya xidmətləri alanda ödənişi nağd etdikdə ƏDV-nin 10%-i, kartla etdikdə isə 15%-i vətəndaşın özünə qaytarılır.

Bunun üçün aşağıdakı addımlar atılmalıdır.

Alış-veriş

Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın.

Qeydiyyat və Giriş

Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu, doğum tarixi və mobil nömrə daxil edərək qeydiyyatdan keçin (edvgerial.az/az)

Çekin daxil edilməsi

Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil edin.

ƏDV-nin geri qaytarılması

Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.

Məsələn, 140,7 manat ödəniş edilibsə, o məbləği 21,46 manatı ƏDV-dir. Vətəndaş lazımi qaydada keyfiyyətdən keçibsə, nağd ödəniş olduğu halda 2,15 manat, kartla ödəniş olduğu halda isə 3,22 manat vəsaiti geri alacaq.