Media və Yayım Şurası yaradılır– MEDİA və Audiovizual Şura birləşdirilir

Azərbaycanda media sahəsinin idarə edilməsində yeni model tətbiq olunacaq.

Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda qəbul edilən “Media haqqında” qanuna dəyişikliklərə əsasən, Medianın İnkişafı Agentliyi (MEDİA)Audiovizual Şuranın bazasında Media və Yayım Şurası yaradılacaq.

Yeni qurum ölkədə media və yayım sahəsində vahid səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək. Bununla da indiyədək MEDİA və Audiovizual Şuranın həyata keçirdiyi funksiyalar bir qurumun səlahiyyətində cəmləşəcək.

Qanun dəyişikliyinə əsasən, Media və Yayım Şurasına mövcud səlahiyyətlərlə yanaşı, bir sıra yeni hüquq və vəzifələr də verilir.

Şura media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət qurumları ilə media arasında əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, təlim və seminarların təşkili, media nümayəndələri üçün müsabiqələrin keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Bundan başqa, qurum əhalinin maarifləndirilməsi məqsədilə media layihələri və proqramları sifariş edə, audiovizual məhsulların istehsalı üzrə dövlət sifarişçisi kimi çıxış edə, dövlət və cəmiyyət üçün əhəmiyyətli media layihələrinin həyata keçirilməsi məqsədilə müsabiqələr təşkil edə biləcək.

Yeni Şuraya həmçinin dezinformasiyaya qarşı mübarizə sahəsində geniş səlahiyyətlər verilir. Belə ki, qurum dezinformasiyanın aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər həyata keçirəcək, aidiyyəti dövlət qurumları ilə operativ əlaqələndirmə mexanizmləri yaradacaq.

Şura media sahəsində rəqəmsal məzmunu və sosial şəbəkə platformalarını təhlil edəcək, informasiya mühitini və ictimai rəyi araşdıracaq, media subyektlərinin fəaliyyəti ilə bağlı monitorinqlər aparacaq.

Qanuna əsasən, Media Reyestrinin formalaşdırılması və aparılması, reyestrə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsinin, jurnalistlərə isə jurnalist vəsiqəsinin verilməsi də yeni qurumun səlahiyyətlərinə aid ediləcək.

Bundan əlavə, Media və Yayım Şurası media sahəsində etik davranış qaydalarına əməl olunması ilə bağlı araşdırmalar aparacaq, sosial reklamların sifarişini həyata keçirəcək, beynəlxalq forum və konfranslarda iştirak edəcək, fəaliyyət istiqamətləri üzrə təhlillər və sorğular sifariş edə biləcək.

Qanun layihəsinə əsasən, Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin və vəzifədən azad ediləcək. Şura üzvləri isə öz aralarından sadə səs çoxluğu ilə iki sədr müavini seçəcəklər.

Layihənin əsaslandırılmasında qeyd olunur ki, müasir dövrdə milli informasiya təhlükəsizliyinin təmin edilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və çap, onlayn, eləcə də audiovizual media arasında sərhədlərin aradan qalxması vahid idarəetmə modelinə keçidi zəruri edib.

Sənəddə vurğulanır ki, kollegial idarəetmə prinsipi əsasında fəaliyyət göstərəcək Media və Yayım Şurasının yaradılması media sahəsində daha çevik idarəetməni təmin edəcək, quruma ictimai etimadı artıracaq, həmçinin daxili informasiya məkanının təhlükəsizliyinin gücləndirilməsinə və yerli medianın inkişafına əlavə təkan verəcək.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.