“Avropa İttifaqı tərəfindən Rusiya vətəndaşlarının şəxsi əşyalarının idxalına qoyulan qadağa fonunda Rusiya Aİ ölkələri ilə diplomatik münasibətlərini müvəqqəti dayandırmalıdır”.
Azpost.info bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında bildirib. “Aİ ilə diplomatik münasibətləri müvəqqəti dayandırmaq daha yaxşı olardı. Diplomatlarımız, səfirliklərimiz ölkəmizə qayıtmalıdır”.
Siyasətçinin fikrincə, bu, Brüsseldə ciddi narahatlıq yaradacaq.
Eyni zamanda, Medvedev Aİ-nin qadağasına cavab olaraq “güzgü” tədbirlərinin tətbiqini istisna edib. “Avropa liderlərindən fərqli olaraq biz irqçi deyilik”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib ki, Brüssel şəxsi əşyaların idxalını məhdudlaşdırmaqla birbaşa və heç bir bəhanə olmadan rusları “ikinci dərəcəli insanlar” kimi təsnif edib. O, qadağanı “hər bir Rusiya vətəndaşının üzünə tüpürcək” adlandırıb.
Sentyabrın 8-də Avropa Komisisyası Rusiya avtomobillərinin Aİ ölkələrinə idxalı ilə bağlı izahat dərc edib. Sənədə əsasən, şəxsi və ya kommersiya məqsədləri üçün istifadə olunmasından asılı olmayaraq Aİ ərazisinə daxil olan Rusiya nəqliyyat vasitələri həbs edilə bilər.
Avropa Komisisyası “Rusiyanın hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında” 31 iyul 2014-cü il tarixli Aİ Şurasının Əsasnaməsinə istinad edir. Sənədə görə, avtomobillər də daxil olmaqla bir sıra malların Aİ-yə satışına və idxalına qadağa qoyulur.
Sentyabrın 10-da AK aydınlaşdırıb ki, rusiyalılara avtomobillərlə yanaşı, AB-yə çamadanlar, noutbuklar, smartfonlar, kosmetika və s. idxalı da qadağan edilib.
Azpost.info