Metroda hərəkət dayandı: 100 avtobus xəttə buraxıldı– 6 yeni ekspress marşrut

Bakı metrosunda “28 May–Nizami” sahəsində hərəkətin dayandırılması ilə əlaqədar sərnişinlərin daşınmasını təmin etmək məqsədilə 6 yeni ekspress avtobus marşrutu təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar yeni ekspress marşrutlardan aktiv şəkildə istifadə edirlər.

Onun sözlərinə görə, 28 May Nəqliyyat Mübadilə Mərkəzində M1, M2 və M3 nömrəli üç ekspress marşrut fəaliyyət göstərir.

M1 – “İnşaatçılar” metrostansiyası – 28 May Nəqliyyat Mübadilə Mərkəzi;

M3 – “20 Yanvar” metrostansiyası – 28 May Nəqliyyat Mübadilə Mərkəzi.

M1 və M3 marşrutları üzrə avtobuslar “Nizami” metrostansiyasının qarşısında da aralıq dayanacaqda saxlayır. Sərnişinlər həmin ərazidə avtobuslara minib-düşə bilərlər.

AYNA rəsmisi əlavə edib ki, M4, M5 və M6 nömrəli daha üç ekspress xətt də təşkil olunub.

M4 “20 Yanvar” metrostansiyasını “Koroğlu” metrostansiyası ilə, M5 “20 Yanvar”ı “Gənclik” metrostansiyası ilə əlaqələndirir. M6 isə “Elmlər Akademiyası” metrostansiyasından “Gənclik” metrostansiyasına hərəkət edir.

Tural Orucov bildirib ki, mövcud nəqliyyat imkanlarının artırılması üçün 20 müntəzəm avtobus marşrutuna əlavə avtobuslar cəlb edilib. Ümumilikdə xəttlərə 100-ə yaxın əlavə avtobus çıxarılıb.

Sərnişinlərə istiqamət seçimi ilə bağlı kömək göstərmək üçün nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb. Könüllülər “20 Yanvar”, “28 May”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarının qarşısında sərnişinlərə məlumat verirlər.

AYNA vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və ekspress marşrutlardan düzgün istifadə etməyi tövsiyə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.