Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi prosesində bir sıra mühüm dəyişikliklər edib. Yeni qaydalar vətəndaşların satış zamanı mənzili daha sürətli və dəqiq seçməsinə, texniki vaxt itkisinin və yanlış seçimlərin qarşısının alınmasına hesablanıb.
MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov bildirib ki, yeniliklər vətəndaşların məmnunluğunun artırılması və güzəştli mənzil sistemindən istifadənin daha əlçatan olması məqsədi daşıyır.
Mənzil əvvəlcə ünvan üzrə seçiləcək
Növbəti güzəştli mənzil satışında ilk olaraq “ünvan üzrə” seçim üsulu aktiv olacaq.
Vətəndaşlar satışdan ən azı 30 gün əvvəl elan olunan mənzillərlə tanış ola və almaq istədikləri mənzillərin ünvanlarını əvvəlcədən müəyyənləşdirə biləcəklər.
Satış günü isə həmin mənzil Agentliyin rəsmi saytındakı “Mənzillər” bölməsində göstərilən ünvan üzrə axtarılacaq.
İlk mərhələdə vətəndaş yalnız bir mənzilin ünvanını axtara biləcək. Sistem real vaxt rejimində həmin mənzilin satış statusu barədə məlumat verəcək.
Bundan sonra digər seçim imkanları – “xəritə üzərində” və “parametrlər üzrə” axtarış aktivləşdiriləcək.
Xəritə üzrə seçim də dəyişir
Yeni sistemdə xəritə üzərindən mənzil axtaran vətəndaş yalnız seçdiyi binada və mərtəbədə satışda olan mənzillərin statusunu görə biləcək.
“Parametrlər üzrə” axtarış zamanı isə layihədəki bütün binalar üzrə hələ seçilməmiş mənzilləri görmək mümkün olacaq.
MİDA hesab edir ki, bu dəyişikliklər seçim prosesinin daha operativ aparılmasına imkan verəcək.
Yanlış seçimlərin qarşısı alınacaq
Əvvəlki satışlarda bəzi vətəndaşların otaq sayı və ödəniş üsulu ilə bağlı yanlış seçimlər etdiyi bildirilib.
Yeni sistemdə seçim mərhələlərinin daha aydın bölünməsi və məlumatların ayrıca təqdim edilməsi belə səhvlərin qarşısını almağa kömək edəcək.
Növbəti yenilik “Seçimlər” mərhələsinə aiddir. Artıq layihənin adı, layihəyə uyğun ödəniş üsulu və mənzil seçimi üsulu ayrıca səhifələrdə təqdim ediləcək.
Gözləmə qaydasında seçim necə olacaq?
Gözləmə qaydasında mənzil seçən vətəndaşlar da əvvəlcədən daha çox məlumat əldə edə biləcəklər.
Belə ki, vətəndaş seçimə başlamazdan əvvəl birinci və ikinci sırada seçilməyən mənzillərin statusunu görə biləcək.
Bu yeniliyin gözləmə qaydasında mənzil seçimini daha çevik və səmərəli etməsi gözlənilir.
Mənzil seçəndən sonra əlavə imza tələb olunmayacaq
Sistemdəki ən mühüm dəyişikliklərdən biri mənzil seçildikdən sonra ərizənin təqdim edilməsi qaydası ilə bağlıdır.
Əvvəllər vətəndaş mənzili seçdikdən sonra elektron kabinet vasitəsilə ərizəni imzalayıb təqdim etməli idi.
Yeni qaydaya əsasən isə bu tələb aradan qaldırılır.
Vətəndaş mənzili seçdikdən sonra “Təsdiq et” düyməsini sıxdıqda dərhal “ərizəçi” statusu əldə edəcək.
Beləliklə, əlavə elektron imza mərhələsinə sərf olunan vaxt aradan qalxacaq və mənzil seçimi daha operativ həyata keçiriləcək.
Satışdan əvvəl mənzillərə baxmaq mümkün olacaq
MİDA vətəndaşların yeni sistemlə əvvəlcədən tanış olması üçün rəsmi internet səhifəsində ayrıca bölmə yaradıb.
Vətəndaşlar mida.gov.az saytının “Mənzillər” bölməsindən və “Güzəştli mənzil” sistemindəki “Demo satış” bölməsindən istifadə etməklə satışa çıxarılacaq mənzillər və onların axtarış üsulları barədə məlumat əldə edə bilərlər.
Agentlik həmçinin növbəti satış zamanı əlavə təhlükəsizlik tədbirlərinin tətbiq oluna biləcəyini açıqlayıb.
Güzəştli mənzili kimlər ala bilər?
“Güzəştli mənzil” sistemi üzrə satış Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən həyata keçirilir.
Mənzil almaq üçün vətəndaşın sistemdə elektron kabineti olmalıdır. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən elektron qaydada həyata keçirilir.
Ödəniş isə iki formada mümkündür: ipoteka krediti hesabına və ya şəxsi vəsaitlə.
Yeni dəyişikliklərin əsas məqsədi satış zamanı saniyələrin belə əhəmiyyət daşıdığı seçim prosesini sadələşdirmək, vətəndaşların texniki səhvlər səbəbindən mənzil seçmək imkanını itirməsinin qarşısını almaq və sistemi daha təhlükəsiz etməkdir.
S.Abdulla