Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasında icbari tibbi sığortaya dair dinləmə təşkil edəcək.
Bunu APA-ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. R.Mahmudov deyib ki, Azərbaycanda icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı qanunverici orqanın görəcəyi işlər çoxdur və bu istiqamətdə müzakirələrə ehtiyac var: “Bununla əlaqədar yeni dinləmələrin, məsləhətləşmələrin, diskussiyaların keçirilməsini planlaşdırırıq. Aidiyyəti orqanlarla rayonlarda, eyni zamanda mərkəzdə ortaya çıxan problemlərin həlli istiqamətində qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə çalışırıq. 2020-ci ilin sonuna qədər səhiyyə komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. İnanıram ki, məsuliyyətin öhdəsindən yeni formalaşmış və güclənmiş Milli Məclis və Səhiyyə komitəsi olaraq layiqincə gələcəyik”.