Milli Məclisin Aparatının və Katibliyinin hüquq və vəzifələri məlum olub.
Bu, “Azərbaycan Respublikası Milli Məclisinin Aparatı və İşlər İdarəsi haqqında” Əsasnamədə əksini tapıb.
Əsasnaməyə əsasən, Aparatın öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları var:
– Milli Məclisdə hazırlanması nəzərdə tutulan qanun layihələrinin illik planına dair təkliflər vermək;
– Milli Məclisdə hazırlanan və ya qanunvericilik təşəbbüsü hüququ qaydasında Milli Məclisə təqdim edilən qanun layihəri üzrə, hüquq normalarının təkmilləşdirilməsinə dair təkliflər, tövsiyələr vermək, onların məqsədəuyğunluğu barədə təhlillər aparmaq;
– Milli Məclisdə qanun layihələrinin hazırlanması prosesində iştirak etmək, müvafiq mütəxəssisləri, elmi təşkilatları cəlb etməklə, müvəqqəti komissiyalar və ya işçi qrupları yaratmaq, onlara tapşırıqlar vermək və onların təkliflərini nəzərə almaq;
– Milli Məclisin Sədrinin razılığı ilə Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında, Milli Məclisdə keçirilən digər tədbirlərdə iştirak etmək;
– dövlət orqanları və qurumları, bələdiyyə orqanları, publik hüquqi şəxslər ilə əməkdaşlıq etmək;
– Milli Məclisin Sədrinin razılığı ilə Aparatın struktur bölmələri özlərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Milli Məclisin inzibati binasında müxtəlif görüşlər, dinləmələr, iclaslar keçirmək, ölkə daxilində və ya xaricdə keçirilən bu cür tədbirlərdə iştirak etmək, dövlət orqanları, xarici ölkələrin parlamentlərinin aparatları ilə təcrübə mübadiləsi aparmaq hüququna malikdirlər.
Əsasnaməyə görə, Milli Məclisi rəhbərliyinin Katibliyi Milli Məclisin Sədrinin və Sədr müavinlərinin fəaliyyətinin təşkilati təminatını həyata keçirir.
Milli Məclisi rəhbərliyinin Katibliyi iisə aşağıdakı vəzifələri yerinə yetirir:
– Milli Məclisin Sədrinin, Sədr müavinlərinin və Aparatın rəhbərinin tapşırıqlarını icra edir;
– Milli Məclisin Sədrinə və Sədr müavinlərinə ünvanlanan sənədləri qeydə alır, arxivləşdirir, müvafiq qaydada icraya yönləndirir və icrasına nəzarəti həyata keçirir;
– Milli Məclisin Sədrinin və Sədr müavinlərinin çıxışlarının və məruzələrinin mətnlərini hazırlayır;
– Milli Məclisin Sədrinin və Sədr müavinlərinin göstərişi ilə kütləvi informasiya vasitələrinin məlumatları əsasında gündəlik icmal-informasiya materialları, hesabatlar hazırlayır;
– Milli Məclisin Sədrinin və Sədr müavinlərinin ünvanına daxil olmuş məktubları qəbul edir və cavablandırılmasını təşkil edir;
– Milli Məclisin Sədri və Sədr müavinləri tərəfindən vətəndaşların qəbul olunmasında iştirak edir;
– Milli Məclisin Sədrinin və Sədr müavinlərinin səfərləri, görüşləri, müxtəlif tədbirlərdə iştirakı barədə sənədləri hazırlayır;
– Milli Məclisə daxil olan, habelə Milli Məclisdə hazırlanan qanun layihələri ilə bağlı arayışların hazırlanmasında iştirak edir;
– Milli Məclisin Sədrinin və Sədr müavinlərinin beynəlxalq təşkilatların və xarici ölkə parlamentlərinin rəhbərliyi ilə əməkdaşlığına dair təkliflər hazırlayır;
– icraya nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir.
Qeyd edək ki, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisi rəhbərliyinin Katibliyinin rəisi Teymur Tağıyevdir.