Milli Məclisin sədri İranın yeni Prezidenti ilə görüşdü

06 Avqust 2021 - 15:14

Bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

İRNA agentliyinin verdiyi məlumata görə, İran-Azərbaycan münasibətlərinin arzuedilən səviyyədə olduğunu vurğulayan Seyid İbrahim Rəisi Azərbaycan-İran münasibətlərinin inkişafı üçün böyük potensial olduğunu bildirib, ölkəsinin özəl şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka, texniki, mühəndis və infrastruktur layihələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Seyid İbrahim Rəisi İranın Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini söyləyib: “İki ölkə ikitərəfli və regional müstəvidə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edə, iki ölkənin maraqlarını sıx və effektiv koordinasiya edə bilər”.

Azərbaycan Milli Məclisinin sədri isə İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. S. Qafarova Seyid İbrahim Rəisinin prezidentliyi dövründə Azərbaycan və İran münasibətlərinin inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: “İran şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakından da məmnun olarıq”.