Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova deyib ki, ən yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilməz: “Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin beşdə bir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib.
Burada iştirak edənlərin münaqişə haqqında obyektiv və tam təsəvvürü olması üçün mən Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs etmək istərdim.
1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb.
1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Diqqət yetirin, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq, iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.
1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi”.