Milli QHT Forumu hüquq-mühafizə orqanlarına müraciət edib

16 İyul 2020 - 18:45

Azərbaycanın Milli QHT Forumu bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində  başlayan şiddətli döyüşlər davam etməkdədir.

14 iyun tarixdə minlərlə insan Azərbaycan Ordusuna, Ali Baş Komandana və dövlətə dəstək məqsədilə, paytaxtın müxtəlif ərazilərində Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın azad olunması ilə bağlı şüarlar səsləndirərək izdihamlı yürüş edib.

“Bu yürüş, dövlətçiliyimiz ətrafında milli birliyin göstəricisi,  həmrəyliyin yüksək formada nümayişi, işğalçı düşmənə qarşı ciddi mesaj idi.

Bütün yuxarıda qeyd olunanlarla yanaşı, bir qrup şəxs yürüşündən sui-istifadə edərək, təzyiqlə Parlamentin binasına daxil olub və təxribat törədib. Sözsüz ki, bu təxribat, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrin, istənilən vəziyyətdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışan qrupların növbəti antimilli fəaliyyətinin nəticəsi idi. Onu da qeyd edək ki, dəstək aksiyasını iğtişaşa çevirmək istəyən, Milli Məclisin binasına girərək vandallıq törədən, polislərə qarşı zor işlədən, təhrikçi çağırışlar səsləndirən həmin şəxslər cinayət məsuliyyəti daşıyıcılarıdır.

Sıralarında 730 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, təxribatçılara qarşı qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq. Həmin gün orduya dəstək yürüşü fonunda təxribatçılardan biri Rəşad Məmmədov təxribat xarakterli video yayaraq, dezinformativ məlumatlarla insanlar arasında panika yaratmağa cəhd göstərib. Biz ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edərək, Rəşad Məmmədova və digər təxribatçılara qarşı, qısa zamanda inzibati hüquq qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsini xahiş edirik”, – deyə bəyanatda bildirilir.