“Amazon” şirkətinin qurucusu Ceff Bezosun sabiq həyat yoldaşı, yazıçı və xeyriyyəçi Makenzi Skott qeyri-kommersiya təşkilatlarına 640 milyon dollar bağışlayıb. Bu, onun cari il üçün planlaşdırdığı məbləğdən iki dəfə çoxdur.
BBC nin məlumatına görə, M.Skott bu məbləği maliyyə yardımı üçün müraciət edən 6 mindən çox QHT arasından 361 kiçik quruma verəcəyini açıqlayıb. Maliyyə yardımı üçün müraciət edən QHT-lərdən 279-nun hər birinə iki, 82 qurumun hər birinə isə bir milyon dollar bağışlanıb. Daha əvvəl isə bu il hər biri bir milyon dollar dəyərində 250 yardımın göstərilməsi nəzərdə tutulurdu.
O, “Amazon”un qurucusu Ceff Bezosdan 2019-cu ildə boşandıqdan bəri ümumilikdə 16,5 milyard dolar bağışlayıb. “Forbes”a görə, sərvəti 37,5 milyard dollar olan M.Scott dünyada ən varlı dördüncü qadındır. Milyarder xeyriyyəçi ömrü boyu sərvətinin yarısını bağışlamağa söz verib. Onun sərvətinin böyük qismi Ceff Bezosdan boşanma müqaviləsinə əsasən “Amazon” şirkətindəki 4 faizlik hissədən əldə olunur.