“Minsk qrupu Ermənistana qeyri-real vədlər verməməlidir, münaqişə həll olunub” –İLHAM ƏLİYEV

Müharibədən sonra mən Minsk qrupunun həmsədrləri ilə görüşmüşdüm. Onların gələcəyini necə gördüyümlə bağlı mənə sual verdiklərində onlardan mənə bəzi təkliflər təqdim etmələrini xahiş etdim”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, həmsədrlərin – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik: “Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən “bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin” də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər”.

Dövlət başçısının sözlərinə görə, onların postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələr ola bilər: “Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub. Əgər mən münaqişənin həll edildiyini deyirəmsə, bu, onun həll olunduğu deməkdir. Əgər, Ermənistan münaqişənin həll olunmadığını deyirsə, onda mən Ermənistan tərəfindən münaqişənin həllini necə gördüklərini, bizim nələr etməli olduğumuzu soruşa bilərəm. Beləliklə, onların özlərinin nəsə düşünmələrini, kreativ olmalarını, dəstək verməli olduqlarını hesab edirəm. Bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar”.

İ.Əliyev deyib ki, Ermənistanla gələcək sülh razılaşması haqqında danışanda, yəni, əgər Ermənistan belə bir variantı nəzərdən keçirərsə, bu halda beynəlxalq tərəflər üçün çoxlu imkanlar ola bilər: “Demarkasiya, delimitasiya, qarşılıqlı əlaqə məsələləri var. Biz beynəlxalq birliyin bir hissəsiyik, biz ATƏT-in üzvüyük və ATƏT-in regionda çox xüsusi rolu var. Buna görə mən onların faydalı ola biləcəyini düşünürəm. Lakin onlar bizə çoxdandır səfər etmir. Ümid edirəm ki, onlar tezliklə müəyyən təkliflərlə gələcəklər və biz də, əlbəttə ki, bu təklifləri lazımi diqqət verərək nəzərdən keçirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağın tam inteqrasiyası zaman məsələsidir, biz tələsməyəcəyik” –

Sonrakı məqalə

Bayden sentyabrın 11-dək ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir