Minsk Qrupunun həmsədrləri bəyanat yaydı

25 İyul 2020 - 00:09

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ)) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanat yayıblar. 

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi hökm sürməsini alqışlayır.

Həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün hazırkı aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırır. Həmsədrlər bir daha vurğulayırlar ki, bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki şəxslərə və ya həyati əhəmiyyətli infrastrukturlar üçün təhdidlərdən çəkinmək vacibdir. Həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni “şərtlər” yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir.

Həmsədrlər bir daha əminliklə bildirirlər ki, davamlı sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən yaxşı şəkildə siyasi iradə nümayiş etdirmək, maksimalist mövqelərdən çəkinmək, atəşkəs rejiminə ciddi riayət etmək və təxribatçı bəyanat və hərəkətlərdən çəkinmək lazımdır.

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, atəşkəs rejiminə ciddi riayət olunması və həmsədrlərin himayəsi altında dialoqun yenidən bərpasına dair çağırışlara görə BMT, ATƏT və Avropa İttifaqı daxil olmaqla beynəlxalq təşkilatların rəhbərlərinə təşəkkür bildirib.

Biz tərəflərin diqqətinin yaranmış gərginliyə görə məsuliyyəti başqalarının üzərinə qoymağa deyil, gərginliyin azaldılmasına yönəltmək kimi qərəzsiz müdaxilənin müsbət olduğunu qeyd edirik.

Həmsədrlər şərtlər olmadan etimadla tez bir zamanda danışıqlar masasına qayıtmağa dair artmaqda olan beynəlxalq konsensusu alqışlayıb.

Həmsədrlər istənilən vaxt rəhbərlər və ya onların nümayəndələri ilə görüşməyə hazırdırlar.

Həmsədrlər, həmçinin, vurğulayır ki, ATƏT müşahidəçiləri ən qısa müddətdə bölgəyə qayıtmalıdırlar.