Moldova hökumətinin Fövqəladə Hallar Komissiyası 6 telekanalın – “TV6”, “Orhei TV”, “Moldovada Primul”, “Accent TV”, “NTV Moldova” və “RTR Moldova”nın lisenziyanın fəaliyyətini dayandırmaq barədə qərar verib.
Azpost.info xəbər verir ki, qərar dekabrın 19-dan qüvvəyə minəcək.
“Bu qərar informasiya məkanını qorumaq və dezinformasiya riskinin qarşısını almaq üçün qəbul edilib”, – hökumətdən bildirilib.
Baş nazir Nataliya Qavrilitsa qeyd edib ki, bu telekanallar Moldovanın özündə baş verənləri, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı hadisələri tərəfli şəkildə əks etdirərək qanunu dəfələrlə pozublar.
Hökumət başçısı əlavə edib ki, qonşu dövlətdə müharibə başlayandan Moldovada müharibə təbliğatı dayanmayıb, əksinə, güclənib.
Moldova prezidenti Maya Sandu hökumətin mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, Kişinyov üçün prioritet ölkədə sülhün və sabitliyin qorunmasıdır.
“Milli informasiya məkanının qorunması beynəlxalq sanksiyalar altında olan şəxslər tərəfindən başlanmış sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması üçün mühüm addımdır”, – prezident deyib.
Ukraynada müharibənin başlaması ilə əlaqədar fevralın 24-də Moldovada fövqəladə vəziyyət tətbiq edilib. O vaxtdan bəri fövqəladə vəziyyət dəfələrlə uzadılıb.
İyun ayında Moldovada “İnformasiya təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib. Qanun Rusiyanın da daxil olduğu Transsərhəd Televiziya Konvensiyasını ratifikasiya etməmiş ölkələrin xəbər və analitik məzmununu qadağan edir.
Azpost.info
