Moldovada qaz qıtlığına görə fövqəladə vəziyyət elan edilib

22 Oktyabr 2021 - 17:36

Moldova parlamenti respublikada qaz qıtlığı ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edib.

“APA-Economics” Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moldovanın Baş naziri Nataliya Qavrilitsa bir müddət əvvəl enerji sektorunda yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin elan oluna biləcəyini bildirmişdi. Parlamentin növbədənkənar iclasında hakim “Fəaliyyət və Həmrəylik Partiyası”nın deputatları hökumətin müvafiq təklifini təsdiqləyib.

Fövqəladə vəziyyət noyabrın 20-dək qüvvədə olacaq.

Qeyd edək ki, bundan əvvəl Moldovanın Moskvadakı nümayəndə heyəti Rusiya qazının tədarükü ilə bağlı yeni müqavilə barədə razılığa gələ bilməyib. Moldova nümayəndələri məsələnin müzakirəsini davam etdirmək üçün Moskvada qalmalı olublar.