Moldovanın Konstitusiya Məhkəməsi rus dilinin ölkədə millətlərarası ünsiyyət vasitəsi kimi xüsusi statusu haqda qanunu qeyri-konstitusion hesab edib.
Məhkəmə iddiasını qaldıran üç müxalifətçi deputat hesab edirdilər ki, bu sənəd vətəndaşların əksəriyyətinin hüququnu pozur, dövlət dilinin rolunu kiçildir.
“Bu, yekun qərardır, ondan protest verilə bilməz və açıqlandığı andan qüvvəyə minir”, – məhkəmənin sədri Domnika Manole yanvarın 21-də deyib.
Onun sözlərinə görə, Moldovada dillərin funksiyası barədə parlamentin ötən il dekabrın 16-da qəbul etdiyi qanun rus dilinə ölkədə digər milli azlıqların dilləri ilə müqayisədə imtiyazlı status verir. Halbuki ölkə konstitusiyasında belə bir imtiyaz nəzərdə tutulmayıb.
“Əhalinin 2014-cü ildə aparılmış siyahıyaalınmasına görə, Moldovanın bəzi rayonlarında rus dilində əhalinin üç faizindən də azı danışır”-, Konstitusiya Məhkəməsinin rəhbəri bildirib.
“Millətlərarası ünsiyyət dili səviyyəsinə qalxmaqla o, dövlət dili olan Moldova diliylə yanaşı psevdo-rəsmi status qazanır”, – Manole jurnalistlərə deyib.
2020-ci il dekabrın 16-da Moldova parlamenti rus dilinə millətlərarası ünsiyyət dili statusunu qaytarıb. Müxalifətdən olan deputatlar iclası boykot edib.
Qanunvericiliyə görə, dövlət orqanları vətəndaşlara informasiyanı rus dilində verməlidir. Bu qanun sorğulara rusca cavab verməkdən imtina edən məmurlar üçün cəza da nəzərdə tutur.
Ölkənin keçmiş rusiyapərəst prezidenti İqor Dodon seçkidə uduzandan sonra, vəzifədən getməsinə bir neçə gün qalmış qanunu imzalayıb. Onda müxalifət qanunu mübahisələndirəcəyini deyirdi.