Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili kimə məxsusdur? –RƏSMİ AÇIQLAMA

Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edilib ki, Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində tikinti işləri dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb.

Xidmət tərəfindən bildirilib ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də aparılacaq.

Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq.

Qeyd edək ki, bir müddət öncə sözügedən ərazidə ictimai tualetin tikildiyinə dair məlumatlar yayılmışdı.

Əvvəlki məqalə

ABŞ səfiri Qəbələdə “Youtube”də məşhur olan aşpazla görüşüb –

Sonrakı məqalə

ABŞ Putini təbrik etməyəcək –