Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, hansı şəxslərin buraxıldığı açıqlanıb.
“Azərbaycan Hava Yolları” QSC xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri
– valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər
– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Qeyd edək ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə iki dəfə – həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək. Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytında almaq mümkündür.