Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus olduğu bildirilən üç pilotsuz uçuş aparatını (PUA) Moskva istiqamətində uçarkən məhv edib.
Bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, vurulan PUA-ların qalıqları düşən ərazilərdə hazırda fövqəladə xidmətlərin əməkdaşları işləyir.”Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru hərəkət edən üç pilotsuz uçuş aparatını məhv edib. Hadisə yerində təcili xidmətlərin mütəxəssisləri fəaliyyət göstərir”, – Sobyanin bildirib.
Bundan əvvəl Rostov vilayətinin qubernatoru Yuri Slyusar Ukrayna dronlarının hücumu nəticəsində Rostov-na-Donu şəhərində müəssisə, anbar və fərdi yaşayış evlərinin ərazisində yanğınların baş verdiyini açıqlamışdı.
Məlumata görə, şəhərin Jeleznodorojnı, Proletarski və Leninski rayonlarında dağıntılar qeydə alınıb. Yaşayış evlərinin yaxınlığında park edilmiş bir neçə avtomobil də yanaraq yararsız hala düşüb.
Rəsmilər bildiriblər ki, yanğınların demək olar ki, hamısı artıq söndürülüb.
Rostov-na-Donu şəhərinin meri Aleksandr Skryabin isə hava hücumu nəticəsində Proletarski rayonunda yerləşən çoxmənzilli yaşayış binasının zərər gördüyünü bildirib.
Onun sözlərinə görə, təxliyə edilən sakinlər üçün müvəqqəti isinmə məntəqəsi kimi istifadə olunmaq məqsədilə avtobuslar ayrılıb.