Moskva Paşinyanı əvəz edəcək şəxsi axtarır-

Nikolun “məxməri gedişi” olacaq?
30 Noyabr 2020 - 19:12

 “Ermənistan müxalifəti hərbi vəziyyət ləğv edildikdən sonra ölkə baş nazirinin impiçmentinə nail olmağa çalışacaq”.

Bu barədə parlamentin iclasında müxalif deputat Şake İsayan bildirib. Ermənistanda hərbi vəziyyət 27 sentyabr 2020-ci ildə elan edilib. Hələlik müxalifət hakim partiyanın deputatlarının istefasına nail olmağa çalışır, ən azından Paşinyanın əsgərlərə Yerevana qayıtmaq və “divar dibində ulayanlarla” haqq-hesab görmək çağırışından sonra “Mənim addımım” partiyasının üç deputatı partiyanı tərk edib.

Paşinyanın ən nüfuzlu rəqibi noyabrın 16-da bütün hökuməti istefaya çağıran ölkə prezidenti Armen Sarkisyandır. Sarkisyan Paşinyanı milli maraqları satmaqda ilk ittiham edənlərdən biridir. Deyib ki, Dağlıq Qarabağda atəşkəs haqqında Bəyanat hazırlanmasından (10 noyabr 2020) xəbəri olmayıb, qeyd edib ki, qərar qəbul edilərkən onun “zəngin diplomatiya və danışıqlar təcrübəsindən” istifadə olunmayıb. Prezident vaxtından əvvəl seçkilərin və Ermənistanın Milli Razılıq Hökumətinin formalaşdırılmasının tərəfdarıdır. Bu zaman o, hökumət başçısı vəzifəsinə öz namizədini göstərmir.

İndi A.Sarkisyan Moskvada xüsusi səfərdədir, Rusiyanın erməni xadimləri ilə görüşlər keçirir, “Dağlıq Qarabağda son hadisələri və Ermənistandakı vəziyyəti” müzakirə edir (RBK).

“Ermənistanın Səsi” qəzeti baş nazir aparatının protokol şöbəsinin rəisi E.Arutyunyanın Moskvaya ezamiyyəti haqqında yazıb. “Arutyunyan 4 gün ərzində hansı razılaşdırılmamış protokol təfərrüatlarını müzakirə edəcək? – deyə qəzet sual edir. İstefa şərtləri və Paşinyanın və onun ailə üzvlərinin təhlükəsizliyinə zəmanət versiyası irəli sürülür. “…Rusiya zəmanət verərək, əvəzində Paşinyandan siyasi meyitə… çevrilmiş insandan qopara biləcəyi maksimum qalıqları çəkməyə çalışacaq”.

Moskvalı politoloq Aleksandr Karavayev Turan-a müsahibəsində deyib ki, Ermənistan xadimlərinin Moskvaya ayrı-ayrı səfərləri Kremlin müxtəlif mənbələrdən məlumat almağa çalışdığını göstərir. Ermənistanda vəziyyət mürəkkəbdir, Moskvanın özündə olan məlumat ona kifayət etmir, Ermənistanla bağlı kadr qərarları ən yüksək səviyyədə qəbul edilir.

“İnformasiya yalnız bir şəxsdən toplana bilməz. Düşünürəm ki, xəbərlərdə adları çəkilənlərdən başqa, Ermənistanda hakimiyyəti müəyyən etmək məqsədilə Rusiyanın başqa kommunikatorlar qrupu da var. Bizneslə bağlı kommunikasiya böyük əhəmiyyətə malikdir, xüsusən, Rusiyanın münasibət qurmalı olduğu orta səviyyəli biznesmenlərlə. Moskvanı inflyasiya və ya qaçqınlar deyil, Ermənistanda elita və klanlar məsələsi maraqlandırır.

Belə bir sual yaranır: Paşinyanı qovmaq lazımdır? Onun Qərblə əlaqələri, R.Koçaryanın, KTMT rəhbərinin həbsi ilə əlaqədar Moskva ilə münaqişəsi, Ermənistandakı Rusiya dəmir yolunun taleyi ilə bağlı məsələlər göz önündədir. Ermənistanı necə qaydaya salmaq olar ki, o, donorlardan daimi tələbləri olmadan, müstəqil şəkildə inkişaf edə bilsin. Belə bir dövləti xaricdən Rusiya tərəfindən idarəetmə ilə qurmaq olar. İndi, bütün Ermənistanı bürüyən uğursuzluqdan sonra Paşinyan, onu hakimiyyətdə saxlasalar, Kremlin istənilən təkliflərinə hazırdır”-, deyə A.Karavayev bildirib.

Paşinyan vəzifədən gedə biləcəyini ehtimal edir və özünə əvəz axtarır. Noyabrın 27-də Yerevanın “Qraparak” qəzeti Paşinyanın hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana ötürməklə bağlı gizli danışıqları barədə məlumat yayıb. Antipaşinyan hərəkatının təşkilatçılarından biri olan Vanetsyan onun üçtərəfli Bəyanatı (Azərbaycan, Rusiya, Ermənistan) imzalamasını “satqınlıq” hesab edir, buna baxmayaraq, onun bütün bəndlərinin yerinə yetirilməsini zəruri hesab edir.

“Ermənistanın növbəti baş naziri iş təcrübəsi olan, başqa ölkələrin rəhbərləri ilə yaxşı şəxsi münasibətləri, Rusiyanın siyasi dairələri ilə yaxşı münasibətləri olan insan olmalıdır”, – deyə Vanetsyan bildirib. O qeyd edib ki, yeni baş nazir Qarabağla bağlı üçtərəfli Bəyanatın mətninə Ermənistan üçün sərfəli olan bəndlər daxil etməlidir.

Digər məlumatlara görə, noyabrın 27-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Ermənistanda Rusiya Regional Akademiyasının (KTMT-Aİİ) rəhbəri Artur Baqdasaryanla görüş keçirib. Deyirlər ki, Moskva onun Paşinyanın vəzifəsinə namizədliyini nəzərdən keçirir.

A.Baqdasaryan “Orinats Yerkin” (“Qanun ölkəsi”) partiyasının keçmiş lideri, KTMT Akademiya Şurasının sədri, Ermənistanda Fransa Universiteti şurasının sədridir. 2018-ci il parlament seçkilərini uduzduqdan sonra siyasətdən getdiyini elan edib. 2003-cü ildən 2006-cı ilə qədər Ermənistanın Milli Məclisinin sədri olub. 2008-ci ildə prezident seçkilərində Baqdasaryan öz partiyası tərəfindən Ermənistan Respublikasının prezidenti vəzifəsinə namizəd irəli sürülüb. Martın 25-də prezident Serj Sarkisyanla koalisiya sazişi bağlayıb və onun fərmanı ilə ER Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib. 2018-ci ildən sonra siyasi bəyanatlar və qiymətləndirmələrlə çıxış etməyib.

Seçim azdır. Baş nazir vəzifəsinə bütün potensial namizədlər 10 noyabr tarixli Bəyanatın bəndlərini yerinə yetirmək zərurəti ilə razıdırlar. Ermənistanın ekspert birliyi ölkənin istənilən gələcək liderinin Rusiya tərəfindən təsdiq edilməli olduğu fikrində həmrəydirlər. Problem ondadır ki, Ermənistan cəmiyyətində bütün milləti ətrafında cəmləşdirə biləcək bir lider yoxdur. Politoloq Armen Darbinyan “Ermənistanda formalaşmış siyasi meydan olmaması şəraitində növbədənkənar seçkilərdən yaxşı heç nə” gözləmir. O hesab edir ki, prezident A.Sarkisyan ölkə üçün etdiyindən daha çox şey edə bilər. (Turan)