Moskvada qırğızlarla taciklər arasında kütləvi dava olub –100 nəfər saxlanılıb

Moskva polisi paytaxtın cənubundakı Kuzminki rayonunda kütləvi toqquşmaların ardınca Mərkəzi Asiyadan olan 100-dək əməkçi miqrantı saxlayıb.

Qırğızıstan Xarici İşlər Nazlirliyinin Moskvadakı nümayəndəsi Nurlan Cabayev iyulun 13-də AzadlıqRadiosuna deyib ki, saxlananların 70-dən çoxu Qırğızıstan vətəndaşıdır.

O əlavə edib ki, toqquşmalar gecə saatlarında baş verib. Cabayev bildirib ki, qırğız və tacik miqrantlar arasında dava-dalaşa səbəb bundan əvvəl iyulun 9-da baş vermiş və bir qırğızın bıçaqlanaraq xəstəxanaya düşməsi ilə nəticələnmiş toqquşma olub.

Rusiya mediası iyulun 13-də xəbər verib ki, qırğız və tacik əməkçi miqrantlar arasında daha bir dava iki gün əvvəl Moskva yaxınlığındakı Ximki şəhərində baş verib.

Bu davada iki qırğız bıçaqlandıqdan sonra xəstəxanaya aparılıb.

Moskvadakı qırğız diasporasının rəhbəri Elmira Eşanova iyulun 11-də Ximkidə iki qırğızın bıçaqlanmasını təsdiq edib: “Bu vəziyyət aradam qaldırılmalıdır. İki ölkənin vətəndaşları arasında qarşıdurma daha böyük münaqişəyə çevrilmədən dayandırılmalıdır”.

Bundan əvvəl may ayında qırğız və taciklər arasında dava-dalaş Moskvanın cənubundakı kafedə baş vermiş, 6 nəfər xəstəxanaya aparılmış və 9 nəfər həbs olunmuşdu.

Azadlıq Radiosu yazır ki, Rusiyada tacik və qırğız miqrantlar arasında toqquşmalar aprel ayında Qırğızıstan-Tacikistan sərhədi boyunca hərbi qarşıdurmadan sonra başlanıb.

Hazırda Rusiyada 750 min qırğız, 1 milyonadək tacik əməkçi miqrantının olduğu təxmin edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əsgərlikdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

Sonrakı məqalə

Masallıda Tovuz döyüşlərində şəhid olan mayor Anar Novruzov yad edilib