“Müharibənin başlamasını artilleriyanın səsindən bildim” –

Dilqəm Əsgərov
07 Yanvar 2021 - 14:38

“Müharibənin başlamasını artilleriyanın səsindən bildim. Onlar bizə heç nə deməmişdilər. 2-3 gün keçmədi, mərmi artıq Şuşa həbsxanasının qarşısına düşdü”.

 Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib.

 O bildirib ki, ermənilər çox qorxublar, təşviş içində olublar: “Aydın məsələ idi, ki müharibə başlayıb. Onlar öz dustaqlarını çıxardılar. Bizi gəzintiyə buraxmırdılar, aynaları bağlamışdılar”. Əsgərovun sözlərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Şuşaya daxil olanda onları gecə ilə maşına mindirərək İrəvanda yerləşən türməyə aparıblar: “Gorusda qəsdən məni maşından endirib təpiklədilər. Evdən göndərilən əşyalarımın əksəriyyətini oğurladılar. Yolda İrəvandan gələn qrup üst paltarlarımı çıxardı, maşında ayaqyalın idim. Başıma torba salmışdılar, nəfəs ala bilmirdim. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə də dedim. Əvvəl bizi gətirəndə türmə boş idi, cəmi iki nadzor var idi. Sonradan ora 1 000 nəfər gətirildi, onlar nəfəslikdən bizi təhqir edirdilər. Bütün gün qapını döyürdülər. Sonradan bizi yenə Gorusa, oradan da Xankəndinə gətirdilər. Rusiya sülhməramlı qüvvələrinin generalı bizim şəkilimizi çəkdi. Məndə qorxu hissi yox idi. Nəyə görə qorxmalıydım? Mən öz torpağımda idim. Azad olunacağıma ümidim var idi. Radiodan da çox məlumatları eşidirdim. Qənirə Paşayevanın, Bahar Muradovanın çıxışlarını, Milli Məclis sədrinin Rusiyada bizimlə bağlı çıxışlarını eşidirdim. Bu mənə ruh verirdi. Ermənilər də buna qulaq asırdı”. (APA)