Müxalifətin mitinq keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanıb.
Azpost.info bildirir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyəti məlumat yayıb.
İcra Hakimiyyəti bildirib ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilmiş və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədi ilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb”.
***
Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu) ərazisinə texnika gətirilib.
Azpost.info bildirir ki, səhərdən etibarən ekskvator və digər texnika stadionda hazır vəziyyətdə saxlanlır. Əraziyə xeyli şəxslərin olduğu və müəyyən göstərişlər verdikləri nəzərə çarpır. Yasamal icra hakimiyyətinin başçısı Əziz Əzizov da stadiona gəlib. Məhsul stadionun təmir, yoxsa sökülmə prosesinə hazırlıq getməsi barədə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, müxalifət partiyaları etiraz mitinqlərini bu stadionda keçirirdi. Sonuncu belə aksiya bu ilin yanvarında baş tutub.
Stadionun təmirə bağlanması ilə bağlı hələ 6 il əvvəl -2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib.
O zaman qeyd edilmişdi ki, keçirilən mitinqlər nəticəsində stadion ərazisi bərbad vəziyyətə düşüb və təmirə bağlanmasına qərar verilib. Lakin o vaxt bununla bağlı heç bir addım atılmayıb.
Azpost.info