“Nə qədər Putin hakimiyyətdədir, sülhməramlılar məsələsini həll eləməliyik” –

İlham Rəhimovdan maraqlı etiraflar
29 Yanvar 2021 - 14:24

“20 ildir deyirdim ki, Qarabağ məsələsinin ədalətli çözümü Rusiya ilə Türkiyə arasında münasibətdən asılıdır”.

Azpost.info bildirir ki, bu sözləri hüquq professoru, iş adamı İlham Rəhimov musavat.com-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, daim bu mövqeyini açıq bildirib:

“20 ildir deyirdimmi ki, Vladimir Putin hakimiyyətdə olduğu dönəmdə Rusiya aktiv hərbi əməliyyatlara qoşulmayacaq, neytral qalacaq? Deyirdim… oldu. Deyirdimmi ki, nə qədər Putin iqtidardadır, bu problemi həll eləməliyik, sonraya qalsa, çox çətin olacaq? Deyirdim… Çünki Rusiya siyasi elitasını çox yaxşı tanıyıram. Eyni zamanda Putinin fikrini də çox yaxşı bilirəm”.

İ.Rəhimov vurğulayıb ki, 20 il dediklərini indi də təsdiq edir: “Nə qədər Putin hakimiyyətdədir, indi bizim Qarabağda olan ən böyük problemimiz olan sülhməramlılar məsələsini həll eləməliyik. Rusiyada hakimiyyət dəyişsə, bu, çox çətin olacaq. Nələrisə bilirəm ki, belə deyirəm”.

İ.Rəhimov qeyd edib ki, narahatlıq doğuran bir məqam da var: “Bu gün Azərbaycanda Rusiyaya qarşı güclü təbliğat gedir. O sıradan Putinə qarşı… Bu, aydın məsələdir. Bu, siyasətdir. Demokratiyada tənqidlərə yer olmalıdır. Burada heç bir problem yoxdur. Rusiyanın məmurlarını da tənqid etmək olar. Elə yeri gələndə edilməlidirlər də… Putini də tənqid etmək olar. Bu da öz yerində… Amma bir məsələdə çox ehtiyatlı olmalıyıq – bütöv rus xalqını təhqir etmək olmaz. Bu, çox səhv addımdır. Bəzən bu, siyasətçilərin də dilindən səslənir”.

İş adamının sözlərinə görə, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşadığını unutmaq olmaz: “Məmurları tənqid etməklə xalqı təhqir etmək arasında çox böyük fərq var. Bu, çox təhlükəli tendensiyadır. Gəlin fikirləşək görək, bu bizə nə verə bilər? Bu gün üçün ən böyük problemimiz  Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan əraziləridir. Açar yenə kimin əlindədir?

İndi onları söyməkmi yaxşıdır, yoxsa diplomatiya ilə prosesi öz xeyrimizə çevirməkmi? Nə edək? Azərbaycanın taleyi belədir. Ölkəmizi götürüb başqa yerə köçürəsi deyilik ki?… Rus xalqını söyməklə nəyəsə nail olacağımızı düşünənlər, bir anlatsınlar görək, bununla biz nəyə nail ola bilərik? Bu qonşudur. Biz bu qonşu ilə münasibət saxlayıb, yavaş-yavaş güclənib onu da öz maraqlarımıza uyğun qonşuluq münasibətinə çəkməliyik”.