Napoleonun 200 illik sirri açıldı –Süni intellekt məktubu 6 saata deşifrə etdi

Fransa imperatoru Napoleon Bonapartın 1809-cu ildə yazdığı və 200 ildən artıq müddətdə şifrəsi açılmayan hərbi məktub süni intellektin köməyi ilə deşifrə edilib.

Məktubda Napoleonun Avstriya ilə müharibə ərəfəsində Fransa qoşunlarının mövqeləri, sayı və mümkün düşmən hücumları ilə bağlı məlumatlar verdiyi məlum olub.

Məktubun şifrəsini “GPT-6 Astra” neyroşəbəkəsinin köməyi ilə süni intellekt mühəndisi və kibertəhlükəsizlik mütəxəssisi Karter Çörç açıb. Çörç bu barədə öz bloqunda məlumat verib.

Napoleon məktubu niyə şifrələmişdi?

1809-cu ildə Napoleon Avstriya ilə müharibəyə hazırlaşırdı. Lakin general Ogüst de Marmonun komandanlığı altında olan Fransa qoşunlarının bir hissəsi əsas qüvvələrdən ayrı düşmüşdü.

Napoleon general ilə əlaqə yaratmaq üçün ögey oğlu, İtaliya vitse-kralı Ejen de Boqarnedən istifadə edib. De Boqarne de Marmona hərbi planların yer aldığı şifrəli məktub göndərib.

Məktubda istifadə olunan şifrənin açarı sonradan qorunub saxlanılmadığından onun məzmunu iki əsrdən artıq müddətdə naməlum qalıb.

Məktubun surəti yalnız 1969-cu ildə Fransa ordusunun jurnalında dərc edilib.

Süni intellekt şifrəni necə açdı?

Karter Çörç İkinci Dünya müharibəsi dövrünün “Enigma” şifrələmə sisteminə aid mesajların süni intellekt tərəfindən deşifrə edilməsi barədə məlumatlardan sonra Napoleonun məktubuna da eyni yanaşmanı tətbiq etmək qərarına gəlib.

“GPT-6 Astra” məktubun deşifrə edilməsi üzərində təxminən 6 saat işləyib.

Məktub homofonik şifrdən istifadə olunmaqla yazılmışdı. Belə şifrlərdə eyni hərfi ifadə etmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.

Məktubda ümumilikdə 175 əlyazma işarəsinin tanınması tələb olunub. Onlardan 33-nün mənası əvvəllər artıq müəyyən edilmişdi.

Neyroşəbəkə mətni ayrı-ayrı sətirlərə bölüb, simvolları tanıyıb və naməlum işarələrin mümkün mənalarını ardıcıl şəkildə yoxlayıb. Daha sonra əldə edilən variantların məntiqi və mətn baxımından uyğun olub-olmadığını qiymətləndirib.

“The Telegraph”ın yazdığına görə, nəzəri olaraq bu şifrəni insan da əl ilə aça bilərdi. Lakin bunun üçün çox uzun və zəhmətli iş tələb olunardı.

Napoleon məktubda nə yazmışdı?

Deşifrə nəticəsində məlum olub ki, məktub sırf şəxsi yazışma deyil, mühüm hərbi məlumatlar daşıyırmış. Napoleon Fransa qoşunlarının yerləşdiyi mövqelər və onların sayı barədə məlumat verir, həmçinin Avstriya ordusunun mümkün hücum istiqamətləri barədə xəbərdarlıq edirdi.

İmperator əsas qüvvələrdən ayrı düşmüş general de Marmonu geri çəkilməməyə çağırırdı. Məktubda Napoleonun belə bir göstərişi yer alırdı: “Hərəkətə keçmək barədə əmr aldığınız zaman bir neçə hərbi dəstənin və ya avara kütləsinin sizi qorxutmasına imkan verməyin”.

Məktubun ünvanlandığı generalın taleyi necə oldu?

1809-cu il müharibəsi general Ogüst de Marmon üçün uğurlu başa çatıb.

O, Fransa qoşunlarını Dalmatiyadan – indiki Xorvatiya ərazisindən – çıxarıb və daha sonra Napoleonun əsas qüvvələri ilə birləşib. Marmon həmin hərbi kampaniyanın son böyük döyüşündə də iştirak edib. Fransa ordusunun qələbəsindən sonra Napoleon onu marşal rütbəsinə yüksəldib.

Beləliklə, iki əsrdən artıq müddətdə oxunmayan bir hərbi məktub müasir süni intellekt texnologiyasının köməyi ilə yenidən “danışmağa” başlayıb. Məktubun deşifrə edilməsi həm Napoleon dövrünün hərbi tarixinin öyrənilməsi, həm də süni intellektin tarixi sənədlərin araşdırılmasında istifadə imkanları baxımından diqqət çəkir.

Yadigar Sadıqlı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.