Pensiya
2027-ci il üçün ehtiyac meyarının 300 manatdan 314 manata qaldırılması nəzərdə tutulur.
Azpost.info bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bu artımın yenidən nəzərdən keçirilməsini vacib hesab edir. Onun fikrincə, ehtiyac meyarı müəyyən edilərkən yalnız inflyasiya deyil, insanların zəruri məhsul və xidmətlərə tələbatının zamanla dəyişməsi də nəzərə alınmalıdır.
Ekspert bildirib ki, ehtiyac meyarının cəmi 14 manat və ya 4,7 faiz artırılması insanların dəyişən sosial və iqtisadi tələbatını tam əks etdirmir: “Burada söhbət təkcə bu artımın inflyasiyanı qarşılaya bilməməsindən getmir. Zamanla insanların zəruri məhsul və xidmətlərə olan tələbatının dəyişməsi də nəzərə alınmalıdır. İl 2027-dir, 2014-cü il deyil. Aradan 13 il keçib. Ehtiyaclar çox dəyişib və daim dəyişir. Artıq nəinki 10 ildə bir, hətta hər il ehtiyaclar da dəyişir, xidmətlər də, insanlar da, qurumlar da”, – deyə Eldəniz Əmirov vurğulayıb.
Aqrar sahədə vergi güzəştlərinə ehtiyatla yanaşılmalıdır
İqtisadçının diqqət çəkdiyi digər məsələ kənd təsərrüfatında vergi güzəştlərinin dəyişdirilməsi ehtimalıdır. Eldəniz Əmirov hesab edir ki, bu sahədə hər hansı dəyişiklik olduqca ehtiyatlı şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, aqrar sektorda baş verən dəyişikliklərin təsiri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır, iqtisadiyyatın digər sahələrinə də yayılır. Ekspert bu təsirin miqyasını izah edərkən məşğulluq göstəricilərinə diqqət çəkib. Onun qeyd etdiyi rəsmi statistikaya əsasən, işləyən hər 100 nəfərdən 35-36-sının dolanışığı kənd təsərrüfatı ilə bağlıdır.
Eldəniz Əmirovun fikrincə, aqrar sahədə vergi siyasətinə dair qərarlar qəbul edilərkən bu sektorun məşğulluqda və ümumi iqtisadi həyatda rolu nəzərə alınmalıdır.
Samir
