“Mərkəzi Seçki Komissiyasına 12 müraciət daxil olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
Məzahir Pənahov bildirib ki, MSK-ya müraciətlərin daxilolma müddəti bu gün yekunlaşır:
“Hay-küy salmağa ehtiyac yoxdur. Kimsə bizə indi birbaşa müraciət təqdim etsə, buna baxmağa bizim ixtiyarımız yoxdur. Əgər müraciət poçtla göndərilibsə və dairənin qərarından 3 gün keçənədək müraciət daxil olarsa, MSK ona baxa bilər”.
“MSK sabah 3 müraciətə baxacaq. MSK işinə məsuliyyətlə yanaşır. Hər müraciətin vergülünə qədər müzakirə aparır, təkrar-təkrar gözdən keçiririk. Sabah Müsavat Partiyasının namizədinin və Natiq Cəfərlinin şikayətinə baxılacaq. O, çox mədəni adamdır”, – M.Pənahov əlavə edib.
MSK sədri bildirib ki, sabah 2 müraciətə baxılacaq: “Onlarda olan görüntülərə biz dünən baxmışıq. Müraciətdə karusel olduğu deyilib. Qadını çöldə tutub deyirlər ki, sən o biri məntəqədə səs vermisən. Məntəqənin çölündə kiminsə çəkilməsi bizim üçün əsas deyil. Əsas məntəqənin içərisində bir nəfərin 2 dəfə səs verməsini çəkməyinizdir. Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm. Bizim bunun əsasında qərar çıxartmaq ixtiyarımız yoxdur. İctimaiyyət başa düşməlidir ki, biz məntəqənin çölündə olanı əsas götürə bilmərik”. (APA)