Şimali Atlantika Alyansı Asiya-Sakit Okean regionundakı ölkələrlə birgə buraxılış meydançaları yaratmaq imkanlarını araşdırmağa başlayıb.
Bu barədə Yaponiyanın “Nikkei” qəzeti mənbələrə istinadən xəbər verir.
NATO Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanı alyans tərəfindən 2024-cü ildə başladılan “Starlift” proqramına qoşulmağa dəvət edib. Bu proqram çərçivəsində Almaniya, İtaliya və Fransa da daxil olmaqla, ondan çox üzv dövlət qarşılıqlı əsasda bir-birlərinə buraxılış meydançalarına çıxış imkanı verir.
“Starlift”in əsas məqsədi mövcud peyklərin zədələnməsi və ya məhv edilməsi halında ehtiyat peyklərin sürətli yerləşdirilməsini təmin etməkdir. Proqram həm hərbi, həm də kommersiya peyklərini əhatə edir.
Tokio ümumiyyətlə təşəbbüsə qoşulmaqda maraqlıdır, lakin bunu etmək üçün Yaponiya tərəfi ayrıca bir müqavilə imzalamalı və sərhəd keçidlərində avadanlıqların gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələləri həll etməlidir.