Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aleksey Navalnının zəhərlənməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, bu barədə Cozep Borellin mətbuat katibi açıqlamasında deyib.
“Aİ Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini ən sərt şəkildə pisləyir.
Alman silahlı qüvvələrinin ixtisaslaşmış laboratoriyası tərəfindən aparılan toksikoloji analiz Navalnının Sovet İttifaqı və daha sonra Rusiya tərəfindən istehsal edilən “Noviçok” qrupuna aid hərbi dərəcəli kimyəvi sinir-iflicedici maddə tərəfindən zəhərləndiyini sübut edir. İstənilən halda kimyəvi silahdan istifadə tamamilə qəbuledilməzdir və beynəlxalq hüquq normalarına ziddir.
Rusiya hökumətinin Navalnının sui-qəsd cəhdini hərtərəfli və şəffaf şəkildə araşdırması vacibdir.
Aleksey Navalnının məsələsi həll olunmamalıdır. Müvafiq şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Avropa İttifaqı məsələni yaxından izləməyə və nəticələrini müzakirə etməyə davam edəcək”, – Cozep Borrell bildirib.
Qeyd edək ki, Almaniya hökuməti bəyan edib ki, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnını zəhərləyiblər.
Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
Almaniya kanslerinin mətbuat katibi Ş. Zaybert deyib ki, A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izləri tapılıb.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.