Naxçıvanda qanunsuz yaşayan 58 əcnəbi miqrant aşkar edilib –

RƏSMİ
17 Sentyabr 2021 - 12:21

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 58 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Azpost.info bildirir ki, bu barədə Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Azərtac-a bildirilib.

Dövlət Miqrasiya Xidmətinə ötən ay, ümumilikdə, 468 müraciət daxil olub. Müraciətlərdən 102-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 366 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 88-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.