“Neftdən qazandığımız pulların 71 faizi artıq xərclənib” –Qubad İbadoğlu “hara xərclənib?” sualını verdi

“Hazırda Neft Fondunun aktivləri 44 104,9 milyon ABŞ dolları və ya 74 978,5 milyon manatdır. Bu o deməkdir ki, bütün mənbələrdən əldə edilmiş neft-qaz və faiz-renta gəlirlərinin 28,3 faizi qalıb, 71,7 faizi xərclənib. Hara, necə və nə qədər suallarını gələcək nəsillər də bizdən soracaq? Bu sualları cavablandırmaq o qədər də asan olmayacaq”.

 

Azpost.info bildirir ki, bu sözləri tanınmış iqtisadçı –alim Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, 264 milyard 345 milyon manatla yanaşı yaxşı idarəetmə, təhsil, inovasiya, start up-larla  Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrin siyahısına çıxartmaq mümkün idi.

Q.İbadoğlu bu illər ərzində neftdən gələn gəlirləri də qeyd edib: “2001-ci ildən etibarən 01 iyul 2021-ci il tarixinə yalnız Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər  151,759 mln. ABŞ dolları, 2007-ci ildən etibarən 01 iyul 2021-ci il tarixinə Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3,738 mln. ABŞ dolları, toplam neft və qaz gəlirləri 155 milyard 497 milyon dollar və ya hazırkı məzənnə ilə 264 milyard 345 milyon manat olub.  Bu hər adama 25 min manat və yaxud da 4 nəfərdən ibarət hər ailəyə 100 min manat vəsait deməkdir”.

Q.İbadoğlunun sözlərinə görə, neft pulları ən çox  xərcləndiyi tikinti sektoru, əsasən də nəqliyyat infrastrukturudur: “Sadəcə 1 milyard manata qədər sərmayə qoyulan Quba-Bakı yolundan istifadə etməklə onun səmərəsizliyini aydın görmək mümkündür”.

Ekspertin sözlərinə görə, neft gəlirlərinin ədalətsiz bölüşdürülməsi ölkədə təbəqələşməni və yoxsulluğu daha da dərinləşdirdi: “Eyni zamanda neft gəlirləri qiymətlərin bahalaşmasında əhəmiyyətli rol oynayıb, xərcləri daha da artırdı. Odur ki, ölkədə ifrat təbəqələşmə yarandı”.

“Neft gəlirlərinin istifadəsi üzərində hələ də ictimai nəzarət yoxdur. Gəlirlərin necə idarəolunması və xərclənməsi şəffaf deyildir, bu barədə Neft Fondundan informasiya almaq hüquqları məhduddur. Müstəqil məhkəmə olmadığı hazırkı şəraitdə isə bununla bağlı hüquqları təmin etmək mümkün deyildir”-deyə ekspert vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avqustda hava necə olacaq?

Sonrakı məqalə

Lənkəranda meşədə baş verən yanğın söndürülüb –