İsrailin Baş naziri ilə Səudiyyə kralı arasında məxfi görüş olub? –

Hamı susur
23 Noyabr 2020 - 22:55

Səudiyyə Ərəbistanın xarici işlər naziri İsrail baş naziri Benyamin Netanyahunun noyabrın 22-də məxfi qaydada Səudiyyə Ərəbistanına səfər etdiyinə və orada vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdüyünə dair xəbərləri təkzib edib.

İsrailin ictimai teleradio yayınçısı Kan bu “məxfi görüşün” yer aldığına dair məlumatı adları çəkilməyən İsrail rəsmilərinə istinadən yaymışdı.

Xəbərdə Netanyahu və Məhəmməd bin Salman arasında Səudiyənin Qırmızı dəniz sahilində keçirdikləri görüşdə İsrailin Mossad kəşfiyyat idarəsinin başçısı Yossi Kohenin də iştirak etdiyi iddia olunurdu.

Netanyahu şərh vermir

Belə bir səfər İsrail baş nazirinin Səudiyyə Ərəbistanınan ilk səfəri olmalıydı.

İsrailin təhsil naziri Yoav Qallant Ordu Radiosuna deyib: “Belə bir görüşün baş verməsi faktının özü, hətta yarırəsmi olsa da, böyük əhəmiyyətə malik hadisədir”.

Netanyahuya belə bir görüşün olub-olmaması barədə sual noyabrın 23-də sağ təmayüllü Likud fraksiyasının iclasında verilib. Baş nazir şərh verməkdən boyun qaçırıb.

ABŞ-ın Yerusəlimdəki səfirliyi də bu xəbər barədə heç bir şərh verməyib.

Associated Press bildirir ki, ABŞ dövlət katibi Maykl Pompeo ilə səfərdə olan rəsmilər bu xəbər barədə şərh verməkdən imtina ediblər.

Səudiyyə inkar edir

Lakin Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan şahzadənin Pompeonun səfəri əsnasında hər hansı İsrail rəsmiləri ilə görüşdüyünü təkzib edib.

İsrail və Səudiyyə liderləri arasında mümkün görüş barədə iddialar Səudiyyənin iki müttəfiqi – Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə münasibətlərin normallaşdırılmasına dair razıalşma imzaladıqdan sonra yayılmışdı.

Bununla belə, Səudiyyə Ərəbistanı bildirib ki, İsraillə heç bir diplomatik münasibətlərin qurulmamasına dair Ərəb Liqasının tutduğu mövqedə qalacaq.

Ərəb Liqası bildirir ki, İsraillə münasibətlər yalnız bu ölkə Fələstinlə münaqişəni həll etdikdən sonra qurula bilər.

Buna baxmayaraq, Səudiyyə İsrail təyyarələrinin sözü gedən iki Körfəz ölkəsinə uçuşları üçün öz hava məkanını açıq elan edib.