Nobel mükafatçısı Əziz Sancar Diaspora Komitəsində olub –

FOTO
30 Noyabr 2021 - 17:50

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar Diasporla İş
üzrə Dövlət Komitəsində olub və komitənin kollektivi ilə görüşüb.

Qonağı salamlayan Komitə sədri Fuad Muradov onu yenidən ölkəmizdə
görməkdən məmnunluq duyduğunu bildirib, Əziz Sancarın həyatının, elmi
fəaliyyətinin və türk dünyasının mənəvi birliyi üçün gördüyü işlərin gənclərimizin
milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, qloballaşan
dünyada elmə, təhsilə olan marağın artmasında böyük stimul olduğunu vurğulayıb.
Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti sahəsində
gördüyü işlərə görə Əziz Sancara xüsusi təşəkkür edib.
Görüşdə iştirak edən Humboldt mükafatı almış ilk azərbaycanlı riyaziyyatçı,
professor Məsud Əfəndiyev son illər diaspor quruculuğu sahəsində görülən işləri
yüksək qiymətləndirib, Əziz Sancarı Azərbaycanın böyük dostu adlandırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Əziz Sancar eyni soykökə, milli və ortaq
dəyərlərə əsaslanan Türkiyə-Azərbaycan dostluğundan, qardaşlığından söz açıb,
türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün əlindən
gələni etməyə hazır olduğunu və hər zaman Azərbaycanın yanında olduğunu
vurğulayıb, Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı
tövsiyələrini verib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli
sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin
inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası
Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.