Nyu-York ştatının qubernatoru Endryu Kuomo “Polis İslahatı haqqında Qanun” layihəsini təsdiq edib.
TASS xəbər verir ki, qanun layihəsi afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı kütləvi etirazlar başlayandan sonra hazırlanıb.
Məlum etiraz aksiyalarından sonra polislə bağlı yeni müddəaları özündə əks etdirən qanun layihəsi ştatın qanunverici orqanı tərəfindən qəbul edilib.
“Biz bütün ölkəyə necə davranacağımızı nümayiş etdirməliyik”, deyən qubernator polis və cəmiyyət arasında etimadın bərpa edilməsinin vacibliyini bildirib.
Endryu Kuomo əlavə edib ki, polis öz vəzifələrini səmərəli icra edə bilmir.
Yeni qanuna görə, polis əməkdaşları saxladıqları şəxsə qarşı sərt boğma üsullarından istifadə etdikləri təqdirdə onları 15 ilədək həbs cəzası gözləyir. Eyni zamanda silahsız vətəndaşın polisin müdaxiləsi zamanı öldüyü zaman Baş prokurora bütün işlərə baxmaq səlahiyyəti verilir.