ABŞ-ın Nyu-York ştatının Səhiyyə Departamenti dəfn bürosuna məxsus yük maşınlarında 60 insan cəsədinin aşkarlanması ilə bağlı insidenti araşdırır.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Hovard Suker açıqlamasında deyib.
“Həmin dəfn bürosu ilə bağlı istintaq araşdırmasına başlamışıq. Buna qədər onlarla bağlı Departamentə şikayət daxil olmayıb”, – deyən Suker büro ilə bağlı hansı cəza tədbirlərinin nəzərdə tutulması barədə məlumat verməyib.
Qeyd edək ki, çərşənbə günü Nyu-York polisi Bruklin rayonunda dəfn bürosunun yaxınlığında dörd yük avtomobilində təxminən 60 insan cəsədi aşkar edib. “CNN”-in məlumatına görə, yük maşınlarından birində sərinləşdirmə sistemi olmayıb. Bu da yerli sakinlərin polisə şikayət etməsinə əsas yaradıb.