“O filmə görə Fuad 1 il sinifdə qaldı…” –FUAD POLADOVUN SİNİF YOLDAŞI /FOTOXRONİKA

 Elə şəxsiyyətlər var ki, onları düşünəndə, haqqında yazmaq istəyəndə sözləri tapmaq, fikirləri bir araya toplamaq çətin olur. Ona görə yox ki, deməyə sözün, danışmağa xatirən yoxdur… Əksinə, fikirlərin qoşun çəkib, üzərinə hücum edir. Nə deyəcəyinə, hansı sözləri seçib, sıralayacağına aciz qalırsan.  Beş ilin tamamında mənim aciz qaldığım kimi…

2018-ci il, mayın 5-i. Bu tarixi heç sevmirəm. Fuad müəllimin gedişindən sonra may ayını  təqvimdən söküb, atmaq istəyirəm. Amma Rəsul Rzanın təbirincə desək, “güllü-çiçəkli may səhəri” bir zamanlar mənə dogma idi. Axı, Fuad müəllim mayın 24-də dünyaya gəlmişdi.

2023-cü il mayın 5-i. Fuad Poladovun vəfatından 5 il ötür. Mayın 24-də isə 75 yaşı tamam olacaqdı… Əgər əcəl aman versəydi…

Mayın 5-i, beş illik ayrılıq, 75 illik yubiley…

Beşlərin sayı yaman çox oldu…

Son beş ildə çox hadisələr yaşandı, çoxlarından üzümüz birdəfəlik döndü, gedər-gəlməzə yola saldıqlarımız da çox oldu…

Amma Fuad Poladovu sevənlərin qəlbində həsrət qədər, sevgi də artdı, çoxaldı.

Bu gün, mənə əzizdən əziz olan  Fuad müəllimi göz yaşları ilə deyil, gözəl xatirələr ilə yad etmək istəyirəm. Özü də tək yox, çoxdandır sorağında olduğum məşhur fotonun sahibəsi ilə birlikdə.

Bir il əvvəl xətrini dünyalar qədər çox sevdiyim, Xalq artisti Zemfira Nərimanova Fuad Poladovun yeniyetməlik illərində çəkilmiş fotosunu mənə göndərdi. Fotoda gənc Fuad Poladov və gözəl bir xanımın əksi var idi. Zemfira xanım mənə söz verdi ki, Fuad müəllimin sinif yoldaşı olmuş bu xanımla tezliklə görüşümüz baş tutacaq.

Baxmayaraq ki, araya bir illik fasilə daxil oldu, amma qismətdən qaçmaq olmaz.

57 ildir Fuad Poladovla çəkilmiş fotosunu qoruyub saxlayan,  Nərgiz xanım Quliyevanın görüşünə Zemfira Nərimanova ilə birlikdə getdik.

Nərgiz xanım bizim gəlişimizə xüsusi hazırlaşmışdı. Bakılı xanımlara məxsus ədəb-ərkanı, şirin söhbətləri, gözəl süfrə mədəniyyəti ilə bizi özünə heyran qoymuşdu.

Yubanmadan söhbətə başladıq.

-Nərgiz xanım, sizin sorağınızı bir ildir eşitmişəm. Səbirsizliklə, söhbətinizi dinləməyə hazıram.

– Xoş gəlmisiniz. Zemfira xanımı və sizi evimdə qonaq etməkdən çox məmnunam. Söhbət Fuad Poladovdan gedəcəksə, ikiqat şadam.

– Yeniyetmə Fuad Poladovla ilk dərs gününüzü, tanışlığınızı necə xatırlayırsız?

– Fuadla 8-ci sinifdən birlikdə oxuduq.  Hər ikimiz 132 saylı orta məktəbdə təhsil almışıq. Mən, 1-ci sinifdən həmin məktəbdə oxuyurdum.  Amma yuxarı sinifdə oxuyanda bizim sinifimizi böldülər. Mən gəlib, düşdüm Fuadla eyni sinifə.

– Yadınızda qalanlardan danışın…

– Fuad haqqında söhbətə başlayanda ilk olaraq, onun xarakteri yadıma düşür. Fuad mərd, qeyrətli, qızlara qarşı xüsusi qayğıkeş münasibəti ilə hər kəsdən fərqlənirdi. Sinifdəki bütün qızlara bacı şəfqəti ilə yanaşırdı. Hər kəslə də dostluğu bir cür tuturdu. (Gülür) Məsələn, mənimlə nadinclik söhbəti tuturdu. Sinif yoldaşımız Sevillə dərs oxumaqda yarışırdılar.  Sinifimizdə ən yaxşı oğlan elə Fuad idi. Başqa oğlanlar da Fuaddan nümunə götürərdilər. Hamı ilə yaxşı ünsiyyət qurmuşdu. Bir dəfə eşitmədik ki, Fuad kiminləsə dava etsin, pis münasibət qursun. Belə bir şey olmayıb.

Söylədiniz ki, yaman nadinc olmusuz…

-Bəli, çox nadinc, dəcəl qız idim. Mənim dəcəlliyim Fuada xoş gəlirdi. Sizə bir hadisəni danışım.  Kimya dərsi başlayırdı. Hamımız kimya otağına gəldik. İçəri keçən hər uşaq, kimya kabinetinin şüşəsinə əli ilə bərk zərbə vurub, sinif otağına daxil olurdu. Mən də onlar kimi yaxınlaşıb, şüşəyə vurmaq istəyəndə Fuad dedi ki: “Nərgiz, sən vurma. Bu dəfə sınacaq”. Mən isə razılaşmadım. Dəcələm axı.. Elə qolumu qaldırıb, yavaşca zərbə vurmuşdum ki, şüşə çilik-çilik olub, yerə səpələndi. Fuad məni qorumaq üçün direktorun yanına gedib, şüşəni özünün sındırdığını demək istəyirdi. Amma mən qoymadım. Dedim ki, “özüm etmişəm. Hamı da görüb. Deməli, cəzasını da mən çəkməlirəm”. Direktorumuz Fəridə xanım, İçərişəhərdə bizimlə qonşu idi. Mənim ailəmi yaxşı tanıyırdı. Anamı məktəbə çağırdılar. Hadisədən evdə xəbər tutdular. Qardaşım da mənə möhkəm şillə vurdu. Səhəri gün məktəbə gözüm şişmiş vəziyyətdə gəldim.

– Kimya otağının şüşəsi sizə baha başa gəlib…

Hə, məktəb illərində belə hadisələr çox yaşanıb. Nadincliyim başıma bəla olurdu. Hətta dəcəlliyimə görə məni payıza saxlamışdılar. Fuad da bir il sinifdə qalıb, bizə qoşulmuşdu. Filmə çəkildiyinə görə, bir il dərslərə ara vermişdi.

– “İstintaq davam edir” filminə çəkilmişdi?

– Bəli, “İstintaq davam edir” filminə çəkilmişdi. 1966-cı ildə. Həmin filmə çəkildiyinə görə, bir il sinifdə qaldı. Ona görə də həmin il 10 və 11-ci siniflər məktəbi eyni vaxtda bitirdilər. Fuadın atası Ağarəhim müəllim 161 saylı məktəbin direktoru idi. İstəsəydi, oğlunu kiməsə tapşıra bilərdi. Amma, Ağarəhim müəllim heç kimə ağız açıb, oğlunu tapşırmadı. Hamı Fuada deyirdi ki: “Bəlkə atan sənə görə kiməsə zəng etsin, səni tapşırsın”. Fuad isə hamıya bir kəlmə ilə cavab verirdi: “Atam, belə addım atmaz!”.  Fuad atasına oxşayırdı. O, da heç kimə əyilməzdi, ağız açıb, nəsə xahiş etməzdi.

– Deməli, əvvəldən bütöv xarakteri olub. Sonralar da dəyişmədi…

– Elədir. Xarakteri dəyişməz qaldı. Özü üçün heç kimə ağız açmazdı. Amma dostlarından kimsə çətinə düşsə, kömək etməyə, əl tutmağa çalışardı.

Bu məqamda bizi diqqətlə dinləyən Zemfira xanım söhbətə qoşulur.

Zemfira Nərimanova: -Nərgiz xanım, mən sizi dinləyirəm və Fuadla teatrda çalışdığımız illər yadıma düşür. Bir dəfə Lənkəranda qastrol səfərindəydik. Həmin ərəfədə bacımın oğlu bərk xəstələndi. Səhhətində ciddi problem yaranmışdı və təcili Moskvaya aparmaq lazım idi. Mənə xəbər gəldi. Təbii ki, həmin an qastrol düşünəcək durumda deyildim. Qastrol səfərini yarımçıq qoyub, Bakıya qayıtdım. Mənim bu hərəkətim teatrda çox pis qarşılandı. Səs-küy yarandı və teatrdan çıxarılmaq məsələmi qoymuşdular. Həmin günlərdə məni xilas edən Fuad Poladov və Həsənağa Turabov oldu. Hər ikisi məni müdafiə etdilər, arxamda dayandılar. Bax, Fuadın belə fədakar xarakteri var idi.

Nərgiz Quliyeva: Fuad çox mərd idi. Məktəb illərində də xasiyyəti elə idi.

-Nərgiz xanım, Fuad müəllimin ən sevdiyi fənn hansı idi?

– Ədəbiyyatı çox sevirdi. Fuadın özünəməxsus dərs danışması var idi. Deməli, ədəbiyyat dərsində hər dəfə şeir söyləyəndə və ya hekayəni danışıb bitirəndə, təzim edib, sonra yerinə keçərdi.

-Necə maraqlı… Səhnədə olduğu kimi. Tamaşanın sonunda aktyorlar tamaşaçıya təzim edirlər

– Bəli, eynən o şəkildə. Baş əyib, parta arxasında əyləşərdi. Hamımız onun dərs danışmasına heyranlıqla qulaq asardıq. Elə o vaxtdan gələcəkdə aktyor olacağı hiss olunurdu.

Zemfira Nərimanova: Fuadın incəsənətə marağı uşaqlıqdan var imiş…

Nərgiz Quliyeva: Bəli. Dərsləri elə danışırdı ki, elə bil şagird yox, aktyordur. Elə ona görə də “İstintaq davam edir” filmində gözəl obraz yaratdı.

-Təkcə ədəbiyyat dərsini danışanda, sonda baş əyirdi?

Nərgiz Quliyeva: Bəli, tək ədəbiyyat dərsində. Böyük məharətlə şeiri və ya hekayəni nəql edərdi. Bilqeyis Təhmasib ədəbiyyat müəlliməmiz idi. Fuadın dərs danışmasını, Bilqeyis xanım cox bəyənərdi.

Sevdiyi fənni bildik. Bəs sevmədiyi dərs hansı idi?

– Nərgiz xanım- (Gülür) Məncə riyaziyyatı xoşlamırdı.

– Fuad müəllim çox dəcəl olub?

– Nərgiz Quliyeva: Vallah, hamıdan nadinci elə özüm idim. (Gülür) Bir dəfə məktəbə oyuncaq pişik gətirmişdim. O, illərdə çəkmənin içində pişik oyuncağı var idi. Həmin oyuncaq pişiyi məktəbli formamım cibinə qoymuşdum. Dərsin şirin yerində oyuncağın səsini çıxarırdım. Dərs pozulurdu. Sonra xalaqızlarım bəzən məktəbin yanından keçəndə pəncərədən onlara baxıb, əl edirdim ki, “Təcili yardım”a zəng etsinlər. Onlar da sözümü yerə salmazdılar. Bir də görürdünüz dərsin şirin yerində içəri “Təcili yardım”ın həkimləri daxil olurdular. Beləcə dəcəlliklər edib, bəzi müəllimlərin dərslərini pozurdum. Yadımdadır, belə hallar çox zaman Şəkurə müəllimənin dərslərində  baş verərdi. Fuad mənim hərəkətlərimə həmişə gülərdi. Sinif yoldaşlarımızdan Sevil və Cəmiləni də çox istəyirdi. Sevil hazırda Almaniyada yaşayır.

Zemfira Nərimanova: Fuad ancaq qızlarla dostluq edirdi?

Nərgiz Quliyeva: Yox, hamı ilə gözəl münasibəti var idi. Ünsiyyət qurmağı bacarırdı. Sadəcə  qızlara qarşı çox diqqətli, çox qayğıkeş idi. Bizim məktəbdə və sinifdə tanınmış ailələrin uşaqları təhsil alıb. Məsələn, skripka ifaçısı Natiq Nuriyevin  böyük qardaşı Faiq bizimlə oxuyub. Sonra “Gün keçdi” filmində motosikletdə gedən oğlan da bizimlə birlikdə oxuyub. Adı Tahirdir. İndi də onlara qonaq gedirəm. Yaşar Nurinin böyük qardaşı Qafar da bizimlə oxuyub.

Fuad Poladov, 16-17 yaşında insanlarda hansı xüsusiyyətləri sevib, qiymətləndirərdi?

– Səliqə-səhmanı çox sevirdi. Həm özündə, həm də qarşısındakı adamda. Dəxli yoxdur, qız və ya oğlan olsun.

– Sonralar da elə idi.

– Zemfira Nərimanova:  Fuad hər zaman səliqə-səhmanlı olub.

Nərgiz Quliyeva:  Məktəbi bitirdikdən sonra hərdən düşünürdüm ki, görəsən Fuad necə xanımla ailə quracaq. Çünki həddən artıq təmizkar idi. Hər adamı bəyənməzdi. Şitlik edən adamı sevməzdi. Ağır xasiyyətli adamları bəyənirdi. Özü də sözünün və hərəkətinin yerini bilən oğlan idi. Deyib, gülərdik. Nadinclik də edərdik. Amma yerində. Həddi keçməzdi. İstər qız, istər oğlan olsun, danışığını bilən adamdan xoşu gəlirdi. Zemfira Babayevanı tanıyırdız? Bilirsiniz hansı aktrisadır? Nəsibə xanım Zeynalova ilə gəlin qayınana səhnəciyi var orada çəkilib. Molla qayınana, fağır gəlin. Bildiniz hansı səhnəciyi deyirəm?

Rauf Kazımovskinin çəkdiyi “Aktrisanın təbəssümü” adlı filmdə olan səhnəcik.

Nərgiz Quliyeva: Ay, sağ ol. Çox gözəl xanımdır. Bax, o xanım da bizimlə bir sinifdə oxuyub.

Nərgiz xanım, gələk əsas məsələnin üzərinə. Bizim görüşümüzə vəsilə olan məşhur fotonun tarixçəsini danışın.

– (Gülür) Bəli, tam vaxtıdır. Deməli, bu məşhur foto son zəng günü çəkilib. 1966-cı ildə. Həmin gün məktəbdə “Son zəng”ə həsr edilən gecə keçirmişdik. Sonra da bulvara gəldik. Bulvarda piyada o qədər gəzdik ki, yorğunluqdan hamımızın ayaqları ağrıyırdı. Həm də son zəng üçün təzə ayaqqabı, təzə paltarlar almışdıq. Ayaqqabılarımızı çıxarıb, ayaqyalın dəniz kənarında xeyli gəzdik. Nəhayət, funikulyorun yanına gəldik. Bu şəkil “Bəhram Gur” heykəlinin qarşısında çəkilib.

Nə yaxşı təkcə ikiniz çəkilmisiz. Kollektiv fotolarınız qalmayıb?

Nərgiz Quliyeva: Təəssüf ki, heç bir şəklim qalmayıb. Bizim ailə albomlarımız itib. Bu fotonu da rəfiqələrimin birindən almışdım.

Nərgiz xanım, bu il sizin də yubileyinizdir

-Elədir. Hər ikimiz 1948-ci ildə doğulmuşuq. Heyif ki, Fuad 75 yaşının tamamına çata bilmədi.

Məktəbi bitirdikdən sonra Fuad müəllimlə görüşmədiniz?

– Yox, bir araya gələ bilmədik. Mən ailə qurdum, övladlarım dünyaya gəldi. Uşaqlar, ailə qayğıları və bu səbəbdən sinif yoldaşlarımla görüşə bilmədim.

Biri-birinizin toyuna da getməmişdiniz?

– Sözün düzü, məktəbdən sonra hərə bir yerə dağıldı. Mən tez ailə qurdum. 3 övladım oldu. Sinif yoldaşlarımızla xoş günlərdə belə görüşə bilmədik. Fuad hamıdan gec evləndi. Fuadı illər sonra görə bildim. O, zaman tanınmış aktyor idi. İlk dəfə “Təhminə və Zaur” tamaşasına baxmağa getmişdim. Möhtəşəm tamaşa idi.

Eşitmişəm. Təəssüf ki, o illərdə yaşım az olub. “Təhminə və Zaur” tamaşasına baxa bilməmişəm.

– Gözəl tamaşa idi. Amaliya Pənahova ilə əla tərəf müqabili olmuşdular. “Təhminə və Zaur” tamaşasından sonra uzun illər ötdü. Artıq övladlarım böyümüşdü. Günlərin birində qızım Gülşən gəlib dedi ki, “Azdramada “Şah Qacar” tamaşası nümayiş edilir. Baş rolda Fuad Poladov çıxış edir. Bir gün gedib, baxaq”. Təsadüfdən həmin gün Xətai metrosunun qarşısında Fuadla qarşılaşdıq. Qonşu olduğumuz üçün tez-tez yolda qarşılaşırdıq. Fuadı görən kimi: “Dünən qızım Gülşənlə sənin haqqında danışdıq. Sabah tamaşana gələcəyik. Gedirəm, bilet almağa” dedim. Bilet sözünü eşidən kimi: “Bilet nədir? Mən özüm şəxsən dəvət edirəm. Neçə bilet istəyirsiniz?” deyə soruşdu. “Qızımla, özüm gələcəm” dedim. Səhəri gün gül-çiçək alıb, “Şah Qacar”a baxmağa getdik. Yadımdadır, 2015-ci il, fevralın 28-i idi. Tamaşanın sonunda səhnəyə çıxıb, gülləri təqdim edəndə, Fuad məni qucaqladı. “Nərgiz, necə gəldin? İnanmazdım ki, sən gələrsən. Elə bildim vaxt edə bilməyəcəksən” söylədi. Daha sonra yoldan mənə zəng etdi. Gülləri gətirdiyimə görə, məni danladı. “Özün gəldin, bu mənə bəs edərdi” dedi.

Xasiyyəti eləydi. Adama qıymazdı.

Nərgiz Quliyeva: Buralara köçəndən sonra küçədə, metronun yaxınlığında tez-tez rastlaşırdıq. Hər dəfə xeyli söhbət edərdik. Fuada təsbeh də bağışlamışdım.

– Nə gözəl… Bəyənmişdi?

Nərgiz Quliyeva: Çox bəyəndi. Məkkə ziyarətindən gəlmişdim. Oradan təsbeh gətirmişdim. Fuadla yolda qarşılaşdıq. Dedim ki: “ Fuad, bu təsbehi Məkkədən gətirmişəm. Sənə bağışlamaq istəyirəm”. Üzündə gözəl təbəssüm yarandı: “Ay, Nərgiz, nə gözəl hədiyyədir. Çox sağ ol. Mən bu hədiyyəni saxlayacam” deyərək, vidalaşdıq. Sözün düzü, Fuada başqa hədiyyə də vermək istəyirdim. Amma təsbehdən başqa heç nə götürmədi. Küçədə arxasınca düşdüm. Dedi ki: “Nərgiz, eyibdir. Təsbehi qəbul etdim. Başqa heç bir hədiyyəni götürmərəm”

Gözü, könlü tox insan idi…

Nərgiz Quliyeva:  Çox. Mən Fuadı uşaqlıqdan tanıyıram. Onun ürəyi həmişə belə olub.

Fuad müəllimlə fəxr edirdiniz?

Nərgiz Quliyeva: Sözsüz. Bilirsiniz, kimin yanında deyirdim ki, Fuad Poladovla sinif yoldaşı olmuşam. Hamı mənə qeyri-adi adam kimi baxırdı. Sorğu-suala tuturdular, Fuad haqqında soruşurdular.  Fuadı hamı çox sevirdi. Bizim üçün sadə Fuad idi. Sinif yoldaşımız, məktəbli dostumuz… Amma soruşanlar üçün, Fuad əlçatmaz zirvə,  qüdrətli sənətkar idi. Mən, Fuad Poladovla sinif yoldaşı olduğum üçün hər zaman fəxr etmişəm.

Nərgiz xanım, Fuad müəllimin “Şah Qacar” və “Təhminə və Zaur” tamaşasını bəyənmisiz. Bədii film və televiziya tamaşası olaraq hansı əsərini çox sevirsiz?

Nərgiz Quliyeva: “Atayevlər ailəsi” televiziya tamaşasını çox bəyənirəm. Bədii film olaraq isə, “Aktrisa” filmində yaratdığı obraz mənə bir başqa təsir bağışlayır.

Nərgiz xanım, bu gün sizin və qızınız Gülşən xanımın qonağı olduq. Bizə gözəl süfrə açdınız, maraqlı söhbət etdik. Çox sağ olun, var olun. “Bir fotonun tarixçəsi”ni yazdıq. 57 il əvvəl çəkilən şəklin dünyasına səyahət etdik. Bütün bunlara görə, sizə və məni sizinlə görüşdürən əzizim Zemfira xanıma təşəkkür edirəm. Fuad müəllimi işıqlı xatirələrlə yad etdik. Ruhu şad olsun.

– Amin, qızım.  Hər cümə axşamı Fuadın ruhuna dua oxuyuram. Əvvəlcə peyğəmbərlərimiz və imamlarımıza, sonra dünyadan köçən əzizlərimə, sonda isə Fuadın özünə, həmçinin valideynlərinin ruhuna salavat göndərirəm.

Söhbətləşdi:

Ülviyyə Həsənqızı

Azpost.info

Əvvəlki məqalə

“Rusiya və Qərb münaqişənin həlli üçün ayrıca layihələr təqdim etməyiblər” 

Sonrakı məqalə

Mətbuat katibləri üçün təşkil edilən master-klas başa çatıb –