“Oğlum pulemyot oğurlamayıb, əsassız yerə həbs ediblər” –
Bakı şəhər sakini Rəhbər Abdurzayev Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban Əliyevaya müraciət edib.
O müraciətin bir surətini də Azpost.info-nun redaksiyasına ünvanlayıb.
Rəhbər Abdurzayev bildirir ki, oğlu Eldar Abdrzayev saxta ittihamlarla həbs edilib. Şikayətçinin sözlərinə görə, oğlu MAXE işləyib, hərbçi kimi 44 günlük müharibədə iştirak edib. 2021-ci ilin oktyabrında isə Cinayət Məcəlləsinin 232.1-ci (Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə) maddəsilə həbs olunub. “Oğluma qarşı irəli sürülmüş absurd ittiham ondan ibarətdir ki, guya o sürücüsü olduğu “BTS-5B” markalı dartıcının üzərində quraşdırılmış “NSVT” markalı 12.7 mm çaplı puleymotu istintaqa məlum olmayan tarixdə və şəraitdə talayıb”, – deyə şikayətçi yazır.
Onun sözlərinə görə, oğlu həbs edilməmişdən əvvəl müstəntiq Arif Fərzəliyev tərəfindən dəfələrlə dindirilib: “Oğlum deyir ki, İkinci Qarabağ savaşı başlananda o xidmət etdiyi hərbi hissənin 1-ci tank taborunun şəxsi heyətinin tərkibində Füzuliyə ezam olunub. Lakin xidmətə yeni başladığı və kifayət qədər təcrübəsi olmadığı üçün komandir şifahi olaraq adına olan dartıcıdan istifadə etməyi digər hərbçilərə tapşırıb.Həmin şəxslər zirehli dartıcı ilə təxliyyə işləri ilə məşğul olub. Özlərinin dediyinə görə zədələndiyi üçün dartıcının üzərindəki puleymotu yataqdan çıxararaq texnikanın üzərində olan yeşiyin üstünə qoyublar. 2020-ci ilin oktyabrında (dəqiq tarix bəlli deyil) həmin zirehli texnika minaya düşüb. Artıq yararsız vəziyyətdə olduğu üçün texnika oradan Horadiz şəhərinin yaxınlığındakı əraziyə gətirilib. Zirehli texnika döyüş meydanından çıxarıldıqdan sonra rəsmi olaraq oğluma təhvil verilməyib. Həmin vaxt puleymot texnikanın üzərində olmayıb. Bundan başqa, təmir vaxti zirehli texnika digər hərbi texnikalarla yanaşı nəzarətdə saxlanılıb”.
Şikayətçi bildirir ki, oğlu həmin puleymotu oğurlamayıb. Əksinə, zirehli texnika döyüş meydanından çıxarıldıqdan sonra onun içərisindən tapança tapıb və silahı təhvil verib. “Lakin bu fakt iş materiallarında qeyd edilməyib. Təösəvvür edin, müharibədən sonra zirehli texnika Qızıdaş qəsəbəsindəki parka gətirildikdən sonra məlum olub ki, puleymot yoxdur. Bəs bura qədər niyə xəbər tutmayıblar? İndi buna görə oğlum həbs edilərək Bakı Hərbi Məhkəməsində mühakimə olunur”, – deyə Rəhbər Abdurzayev əlavə edib.
Azpost.info
