Ölkədə aktiv koronavirus xəstələrinin sayı 76 nəfərdir –

Operativ Qərargahın son MƏLUMATLARI
25 Mart 2020 - 10:53

Ölkədə hazırda  aktiv koronavirus xəstələrinin sayı 76 nəfərdir, onlardan 6 pasiyentin vəziyyəti orta ağırdır.

Azpost.info Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, 24 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 87-dir və koronavirusdan 1 ölüm faktı qeydə alınıb.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Ümumdünya Səhiyyə Təşkilatının 25 mart 2020-ci il tarixinə olan məlumata görə, dünyanın 195 ölkəsində 372,757 nəfər koronavirusa yoluxub və xəstəlikdən 16,231 nəfər vəfat edib. Xəstəliyin əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir. Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.