“Ölkədə vergilərin 91 faizi könüllü ödənilir”–Mikayıl Cabbarov yoxlamaların azaldığını, şəffaflığın artdığını bildirdi

Azərbaycanda dövlət büdəsinə vergilərin 91%-i könüllü ödənilir.

Bu barədə Bakıda keçirilən konfransda “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, vergilərin cəmi 9%-i vergi xidmətinin səyi ilə toplanır, qalan hissə – 91% könüllü ödənilir. Bundan başqa yoxlamalar kəskin azalıb, əvvəlki illə müqayisədə vergi yoxlamaları 44% azalıb, 2019-da Azərbaycanda hər 1000 aktiv vergi ödəyicisinin yalnız 2-də yoxlama aparılıb. Amma araşdırmalar və ünvanlı təyin edilən yoxlamalar nəticəsində nəzarət tədbirləri nəticəsində daxil olmalar 18% artıb.

Nazir bildirib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin, qismən də olsa, “kölgə”dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.

M.Cabbarov vergi sisteminin iqtisadi tənzimlənmədə mühüm rol oynadığını və sahibkarlığın inkişafının əsas hədəflərdən biri olduğunu qeyd edib, iqtisadi inkişafın işgüzar aktivliyə və biznesin çevikliyinə bağlı olduğunu, böyük sayda kiçik və orta biznesin məşğulluq və dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə yaratdığını vurğulayıb.

İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov “Kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflıq”, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev “Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda tanınmış qadın biznesmen saxlanılıb –

Sonrakı məqalə

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi